AZ

Bahalaşma da var, ucuzlaşma da...

Ekspert: Ümumiyyətlə, qiymət artımının qarşısını almaq üçün  ilk növbədə ölkədə dayanıqlı, ucuz və keyfiyyətli istehsalı artırmalıyıq

2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin dekabr ayına nisbətən 104,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,3 faiz təşkil etmişdir. 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2 faiz təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən  (DSK) verilən məlumata görə, 2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,0 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil etmişdir.

Cari ilin dekabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, balıq və balıq məhsullarının, südün, qatığın, şorun, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə qarabaşaq yarmasının, limonun, portağalın, naringinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2024-cü ilin dekabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,6 faiz təşkil etmişdir. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma məişət cihazlarının və şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, ortopedik döşəklərin, fərdi kompüter və noutbukların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Müşahidələr onu göstərir ki, son zamanlar satışda olan qeyri-qida məhsullarının, xüsusilə də gündəlik istifadə olunan şəxsi gigiyena vasitələrinin (sintetik yuyucu vasitələrin, sabun və yuyucu vasitələrin, qabyuyan mayelərin, antiperspirant)  qiymətində artım müşahidə olunur. Bahalaşma daha çox xaricdə istehsal olunan və ölkəmizə idxal olunan məhsulların qiymətində özünü daha  çox göstərir. Bunu həm alıcılar, həm də satıcılar təsdiqləyir.

Son vaxtlar bəzi məhsullarda qiymət artımına səbəb nədir və kimdir? Belə məhsulların qiymətlərində stabillik yaratmaq üçün nə edilməlidir?

Bu kimi suallara cavab tapmaq üçün iqtisadçı-ekspertlərlə həmsöhbət olduq.

Asif İbrahimov: Postpandemiya dönəmində yaranan əlavə xərclər də qiymət bahalaşmasına öz təsirini göstərir

İqtisadçı ekspert Asif İbrahimov sözügedən mövzu ilə bağlı qəzetimizə açıqlamasında vurğuladı ki, bazarda qiymət əmələ gəlmə prosesi bir neçə üsulla həyata keçirilir. Onlardan biri sabit qiymətin müəyyən edilməsidir. Yəni, Azərbaycan tipli ölkələrdə strateji məhsul və ya xidmətlərin yekun qiymətləri Tarif Şurası və onların alternativ qurumları tərəfindən sabit qiymət olaraq müəyyən edilir. Məsələn çörək, benzin, sərnişindaşınma xidmətləri, dərman preparatları və s. Bazar iqtisadiyyatında isə hər hansı bir məhsulun və ya xidmətin yekun qiymətinin əmələ gəlməsi həmin məhsul və ya xidmətin istehlakçıya təqdim edilənə  qədər çəkilən xərclərin, yəni xammal,maaş,daşınma,anbarlaşdırma,əməliyyat,vergi xərcləri və s. kimi xərclərin üstünə müəyyən faiz dərəcəsində mənfəət qoymaqla müəyyən edilir. Yəni, məhsul və xidmətin əmələ gəlməsində çəkilən xərclərin çoxluğu və ya azlığı yekun qiymətin ucuz və ya baha olmasında gətirib çıxarır.

Asif İbrahimov qeyd etdi ki, qiymət əmələgəlmə prosesinə təbii ki, güclü, şəffaf  rəqabətin olması da öz təsirini göstərir. Özümüz istehsal etsək belə təəssüflər olsun ki, bir çox məhsullarımızı xaricdən idxal edirik. Çünki istehsal etdiyimiz məhsulların da tərkibində istifadə olunan xammal və inqridiyentlərin bir çoxunu xaricdən idxal edirik. Məhz bu səbəbdən də bügün- yanvar ayında Hollandiyada yetişdirilən istixana pomidorunu hollandlar 30-40 sentə,biz isə Bakıda həmin pomidoru ondan 5-6 dəfə baha qiymətə ərsəyə gətirə bilirik. Qeyri-qida məhsullarından, məsələn, geyim-paltarı Çindən burada istehsal etdiyimizdən 2-3 dəfə ucuz qiymətə əldə edə biliriksə ölkəmizdə niyə istehsal etməliyik ki?                                 

Həmsöhbətimizin sözlərinə görə, qiymət artımında  həm daxili, həm də xarici faktorlar öz rolunu oynayır: “Xarici faktorlar bayaq qeyd etdiyim kimi, biz bir çox məhsul və inqrediyentləri, xammalı xarici ölkələrdən alırıq. Məsələn buğda, yağ, şəkər, qarabaşaq, qarğıdalı və s. Almasaq belə, onların toxumundan tutmuş qablaşdırma məmulatının xammalına qədər xarici ölkələrdən asılıyıq. Məsələn, dünyanın 25 faiz taxıl təminatını həyata keçirən iki ölkə arasında hal-hazırda müharibə gedir. Bilirsiniz ki, yağ, süd, taxıl, ət ,toyuq və s. məhsulları Rusiya, Ukrayna, Belarusdan idxal edirik. Müharibə səbəbindən istehsalda, loqsitika və digər proseslərdə yaranan problemlər buradakı qiymətlərə də öz təsirini göstərib. Bundan başqa, geyimi biz əsasən Türkiyə və Çindən idxal edirik. Türkiyə iqtisadiyyatında yaranan qeyri-stabillik Türkiyənin milli valyutasının dəyərinin ölməsinə gətirib çıxardı. Bu səbəbdən, onlarında istehsal etdiyi məhsulun xammalın ABŞ dolları qarşılığında baha aldıqları üçün həmin məhsulun yekun qiyməti öz təsirini göstərir. Postpandemiya dönəmində yaranan əlavə xərclər də qiymət bahalaşmasına öz təsirini göstərdi.

İqtisadçı əlavə etdi ki, daxili faktorlar isə gömrük rüsumlarında, kommunal xidmətlərdə, vergi sistemində, yanacaq qiymətlərində və digər sahələrdə baş verən qiymət artımları da bütün məhsulların və xidmətlərin qiymətinə öz təsirini göstərdir.

Asif İbrahimov bildirdi ki, qiymətlərdə stabillik yaratmaq üçün ilk növbədə ölkədə ucuz və keyfiyyətli istehsalı yaratmalıyıq. Bunu da təmin etmək üçün hökmən kompleks tədbirlər həyata keçirilməlidir. İqtisadiyyata yanaşma dəyişməlidir. Bir sıra dövlət qurumlarında ciddi islahatlar aparılmalı, idarəetmə sadələşdirilməlidir. Bir-birinin əlinə-ayağına dolaşan artıq qurumlar ləğv edilməlidir. Bir şeyi anlamalıyıq ki, dayanıqlı, ucuz maliyyətli yerli istehsalı artırmasaq qiymət bahalaşmasından ölkə olaraq əziyyət çəkəcəyik.

İqtisadçı-ekspert: Alıcılar qiymət artımı ilə mübarizə aparmaq üçün gəlirlərini artırsınlar

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, qeyri-qida məhsullarının qiymətlərini sahibkarlar özləri müəyyən edir: “Tarif Şurası bəzi qeyri-qida məhsullarının qiymətlərini tənzimləsə də, əksər qeyri-qida məhsullarının qiymətini tənzimləmir. Belə olan halda, sahibkarlar bazar şəraitində rəqabət nəticəsində qiymət formalaşdırırlar. Qiymətin müəyyənləşdirilməsi hər bir sahibkarın istehsalçı və idxalçı olmasından asılı olaraq dəyişir. Təbii ki, qiymətin formalaşmasında onların xərcləri, aldığı məhsulun qiyməti, idxal xərcləri nəzərə alınır.

Ekspert qiymət artımına təsir edən amillərdən bəhs edərkən diqqətə çatdırdı ki, bunun ən əsas səbəblərindən birincisi  dünyada  müşahidə olunan inflyasiya (bir iqtisadiyyatda mal və xidmətlərin ümumi qiymət səviyyəsinin zamanla artımını ifadə edən makroiqtisadi göstərici) prosesidir. Bu, idxal nəticəsində Azərbaycana gəlir. Digər səbəb ötən il enerji daşıyıcısının, benzinin, dizelin, kommunal xərclərin qiymətinin, minimum əməkhaqqının, işçinin xərclərinin artması sahibkarın xərclərini artıran əsas faktorlardır. Bu da qiymət artımına təsir edir.

Həmsöhbətimiz qeyd etdi ki, bazar şəraitində formalaşmayan qiymət süni qiymətdir: “Bazar şəraitində formalaşmayan qiymətin də iki növü var ki, bunlardan biri dövlətin yəni, Tarif Şurasının təyin etdiyi, digəri isə inhisarçıların təyin etdiyi qiymətdir. İnhisarçılar həm dövlət inhisarçı müəssisələri, həm də qeyri-dövlət inhisarçı müəssisələri ola bilər. Yəni, süni qiymət bazarda inhisarçı mövqeyə malik olan və yaxud da bir neçə iri oyunçunun razılaşdırılmış, uyğunlaşdırılmış karter razılaşdırılmasının nəticəsi kimi ortaya çıxa bilər.  Bu cür hallar varsa, bunun üzərində nəzarəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirməlidir. Yəni, süni qiymət bazarlarda, mağazalarda olan qiymət deyil.

Xalid Kərimli əlavə etdi ki, bazar iqtisadiyyatında qiymətlər stabil ola bilməz. Çünki xərclər stabil deyil ki, qiymətlər də stabil olsun: “Keçən il Azərbaycanda  4, 4 faiz inflyasiya olub. Bu, elə qiymətlərin stabil olduğunu göstərir.  2025-ci ildə isə Azərbaycanda 4-5 faizli inflyasiya proqnozlaşdırılır. Qiymətin stabil olması üçün dövlət ciddi addım ataraq, manatı dollara fiks edib ki, qiymət çox oynamasın. Xərclər artırsa, qiymətlər də artmalıdır”.

İqtisadçı istehlakçılara tövsiyə edir ki, qiymət artımı ilə mübarizə aparmaq üçün gəlirlərini artırsınlar: “Xərcləmələrində xərc faydalı analizindən istifadə etsinlər yəni, daha çox əhəmiyyətli xərcləri önə çəkib, qeyri-əhəmiyyətli xərcləri təxirə salsınlar”.

Göründüyü kimi, iqtisadçılar hesab edirlər ki, məhsulların istehsal prosesində istifadə olunan həm xammalın, həm də əlavələrin qiymətlərindəki qeyri-sabitlik istehlakçıları qiymət artımı ilə üz-üzə qoyur.  Bununla yanaşı, hazırda dünya logistika ilə bağlı yaranmış kəskin problemlər geosiyasi gərginlik, iqtisadi poblemlərin logistik zəncirlərin sınmasına gətirib çıxarması nəticələr qiymətin artmasına şərait yaradır. Qiymətlərdə stabillik yaratmaq üçün belə məhsulların ölkə daxilində istehsalına təkan verilməlidir. İdxaldan asılılıq nə qədər az olarsa, qiymətlər də münasib olar. Bunun üçün isə pul-kredit siyasətinin yumşaldılmasına və real istehsal sektorunun dəstəklənməsinə ehtiyac var. Belə olan halda qiymətlərin sabitləşəcəyini gözləmək olar.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
3
ikisahil.az

1Mənbələr