AZ

Müsavat başqanlığına keçmiş namizəd necə öldürülüb...

"Anadolu Universitetini bitirmişdi, müxalifətçi olduğuna görə iş vermirdilər, ona görə gözətçi işləyirdi...”

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Natiq Mehdini qətlə yetirməkdə ittiham olunan, Bakının Xətai rayonunda yerləşən 55 saylı orta məktəbin direktor müavini Elsevər İslamovun işi üzrə yenidən məhkəmə istintaqı başlayıb. 

Buna səbəb isə Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlərin tərkibində dəyişikliyin olmasıdır.

Yanvarın 15-də məhkəmədə ifadə verən 59 yaşlı Elsevər İslamov bildirib ki, 2024-cü ilin mayında baş vermiş hadisə zamanı sərxoş olub. 

Onun sözlərinə görə, maşınını məktəbin yanında saxlayıb, iş yoldaşı ilə kafeyə gediblər, orada yeyib-içiblər. Sonra taksi ilə metronun "Koroğlu” stansiyasına gediblər, oradan iş yoldaşı evə gedib, özü isə gecə yarı məktəbə gəlib. 

Dediyinə görə, məktəbə necə gəlib çıxdığı yadında deyil. Xatırladığı budur ki, məktəbin qapıları açıq, işıqları sönülü olub. Gözətçi Natiq Mehdinin isə stulda yatmış vəziyyətdə olduğunu görüb.

Natiq Mehdi ilə münasibətlərinin yaxşı olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, zarafat məqsədilə yatmış halda onun şəklini çəkib. 

Bu vaxt Natiq Mehdi səsə oyanıb. 

Şəklini çəkdiyinə görə ona acıqlanıb: "Mən də ona dedim ki, qapılar açıqdır, sən yatmısan. Dedi ki, "içib gəlmisən üstümə, neyləyəcəksən mənə?” Söyüş söydü”.

Elsevər İslamov bildirib ki, söyüşə görə Natiq Mehdini vurub. 

O isə zərbədən yerə yıxılıb. Yerdə də onu təpiklə vurub. Amma sonra Natiq Mehdi ayağa qalxıb: "Stulda oturdu, yenə söydü. Bu dəfə başından vurdum. Yıxıldı. Gördüm ki, xırıldadı”.

O əlavə edib ki, izi itirmək üçün meyiti maşınına qoyub, oradan aparmaq qərarına gəlib, lakin yerləşməsi üçün hissələrə bölməli olub. 

Təqsirləndirilən şəxs bildirib ki, əvvəl torbaya yığıb, məktəbdə pilləkənin altında gizlədib: "Çünki səhər açılırdı, Dövlət İmtahan Mərkəzi gəlib qapıları möhürləyəcəkdi. Ona görə tez çıxarmalıydım. Günortaya yaxın imkan olan kimi çıxartdım”.

Natiq Mehdinin bacısı Yeganə Mehdiyeva məhkəmədə zərərçəkmiş qismində ifadə verib. 

O bildirib ki, qardaşı ilə hər gün danışırdı, ondan xəbər bilirdi. Hətta zəngləri, mesajları dərhal görməsə də, sonradan mütləq cavablandırırdı. 

Bacısı məhkəmədə bildirib ki, hadisə baş verən ərəfədə Natiq Mehdinin iki gün zənglərə cavab verməməsi onda narahatlıq yaradıb. 

Siyasi fəaliyyətini, polislərin müxalifətçiləri tutub, müəyyən müddət ailələrinə məlumat verməməsini nəzərə alaraq, Natiq Mehdinin də polislər tərəfindən saxlandığını ehtimal ediblər. Xüsusən də nəzərə alıblar ki, o, Müsavat başqanlığına namizəd olmuşdu: "Mənə iki gün cavab verməyəndə narahat oldum. Bacım oğluna zəng elədim ki, Natiqdən xəbər yoxdur, narahatam. Tapşırdım ki, partiyadan da maraqlansın. Məlum oldu ki, maraqlanıb, partiyanın qərargahında da onu axtarırlar. Xəbər yox idi. Bundan sonra polisə şikayət elədik”.

Yeganə Mehdiyeva qardaşının söyüşə görə qətlə yetirilməsi barədə iddialarla da razılaşmayıb. 

O bildirib ki, qardaşı mədəni, söyüşdən uzaq bir adam idi.

Məhkəmə prosesi fevralın 10-da davam edəcək.

Yeganə Mehdiyeva Meydan TV-yə müsahibəsində bildirmişdi ki, qardaşı Anadolu Universitetini bitirmişdi. Lakin müxalifətçi olduğuna görə ona iş vermirdilər. Bu üzdən gözətçi işləyirdi.

Hadisə 2024-cü mayın 10-da baş verib. 

1964-cü il təvəllüdlü Natiq Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

 4 gün sonra onun meyiti Xəzər rayonu ərazisində basdırıldığı yerdən tapılıb.

Natiq Mehdi Müsavat Partiyasının 2024-cü ildə keçirilən son qurultayından bir müddət əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. Lakin İsa Qəmbər namizədliyini irəli sürəndən sonra o, namizədlikdən çəkilib.

55 saylı orta məktəbin direktor müavini olmuş Elsevər İslamova qarşı Cinayət Məcəlləsinin 120.2.4. (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245 (qəbir üzərində təhqiredici hərəkət) və 309-cu (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Seçilən
8
arqument.az

1Mənbələr