İtaliyanın energetika və ətraf mühit naziri Gilberto Piçetto Fratin Ər-Riyada səfəri zamanı bildirib ki, çərşənbə axşamı İtaliya və Səudiyyə Ərəbistanı bərpaolunan enerji, hidrogen və karbonun tutulması ilə bağlı enerji sektorunda əməkdaşlıq sazişi imzalayıb.
İtaliyanın naziri Ər-Riyadda keçirilən Gələcək Minerallar Forumu çərçivəsində Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud ilə saziş imzalayıb.
Beşillik əməkdaşlıq sazişinə hidrogen istehsalı, bərpa olunan enerji mənbələri, karbon tutma və saxlama (CCS) sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi daxildir.
İtaliya hökumətinə görə, yeni əməkdaşlıq müqaviləsi təmiz enerji və təmiz texnologiya, o cümlədən aşağı karbonlu hidrogen və yaşıl ammonyak üzərində fokuslanacaq.
İtaliyalı nazir səudiyyəli həmkarı ilə görüşdə deyib: “İtaliya Aralıq dənizində yerləşməsi və Avropanın qalan hissəsi ilə qarşılıqlı əlaqəsi sayəsində Yaxın Şərqdən Avropaya marşrut üzrə enerji mərkəzi ola bilər”.
"Biz Səudiyyə Ərəbistanının bərpa olunan hidrogen və ammonyak kimi aşağı karbonlu törəmələrin istehsalında qabiliyyətini yaxşı bilirik", - deyə Piçetto bildirib.
O qeyd edib ki, əməkdaşlıq sazişi konkret layihələrin icrası və İtaliya ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin inkişafı üçün başlanğıc nöqtəsidir.
Xatırladaq ki, iki ölkə arasında daha əvvəllər də neft-qaz və mədənçıxarma sektorlarında mümkün tərəfdaşlıq və birgə investisiyalar müzakirə olunub.
İtaliyanın sənaye naziri Adolfo Urso 2023-cü ilin sonunda İtaliya və Səudiyyə Ərəbistanının enerji sektorunda, xüsusilə də kritik xammal sahələrində, İtaliya, Səudiyyə Ərəbistanı və Afrika kimi ərazilərdə potensial tərəfdaşlıqları və birgə investisiyaları müzakirə edib. Ər-Riyadda Səudiyyə rəsmiləri ilə görüşüb. Rəsmilər o zaman da İtaliya və Səudiyyə Ərəbistanında neft və qaz, avtomobil, müdafiə, yaşıl texnologiyalar, hidrogen və aerokosmika də daxil olmaqla sənaye sektorlarına investisiyaları müzakirə ediblər.
Nubar Süleymanova, “İki sahil”