Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Norveçlilər udilərdən nələri öyrəndilər” adlı veriliş efirə gedib.
“Report” xəbər verir ki, verilişdə Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Alban xristian irsinin erməni kilsəsinə tabe edilməsindən, udilərin tarixi və mədəni irsindən söz açıb.
O deyib ki, Azərbaycan tarixən çoxmillətli, çoxkonfessiyalı ölkədir: “Udilər tarixi sınaqlardan keçərək öz dillərini və Alban kilsəsini qoruyublar. Qədim xristian Udi-Alban icması bu gün ermənilər üçün böyük bəladır. Alban kilsəsinin bərpası erməni siyasəti üçün böyük təhlükədir və erməni yalanlarının darmadağın olmasına gətirib çıxaracaq”.
R.Mobili Norveç səyyahı Tur Heyerdalın Qəbələ rayonunun Nic kəndinə səfərinin əsas məqsədinə, norveçlilərin udilərdən nələri öyrəndiyinə aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.