Salxım söyüdlü bulaq
- Mənə də bir daraq alarsan, ancaq qablı olsun
- Axı qablı daraq 35 qəpikdir, sən isə 20 qəpik verirsən
- İndi yoxumdur , sən üstünə 15 qəpik qoy al mən sonra sənə verərəm
- Yaxşı....
Bu dialoq sinif yoldaşımla mənim aramda 1982 ildə keçən dialoq idi. Məsələ onda idi ki, bizim kimi yeniyetmələrin yolu şəhər dediyimiz Leninakana, yəni indiki Gümrüyə bir neçə ayda yalnız bir dəfə düşə bilərdi. Çünki kəndimizdən (Amasiya rayonunun Göllü kəndi) şəhərə 53 km. idi və gediş –gəliş o qədər də asan deyildi. Ona görə də kimin yolu düşsə dostların ehtiyacını qarşılamaq üçün belə vasitələrdən istifadə edirdik. Gümrü şəhərinin avtovağzalı yarımdairəvi ancaq geniş bir meydançada yerləşirdi. Meydanın bir küncündə “Nərdivanlı dükan” ( əslində bu dükan Gümrüdə yerləşən hazırki 102-ci baza dediyimiz bazanın əsgər və zabit heyəti üçün nəzərdə tutulmuş və hər şeyin daha ucuz satıldığı hərbi ticarət mərkəzi idi ) dediyimiz bir dükan var idi. Bu dükanda kənd uşağının ehtiyaclarını qarşılayacaq hər şeyi tapmaq olurdu. Məsələn daraq, ayaqqabıları təmizləmək üçün fırça və krem, cib güzgüsü, saçların formasını qorumaq üçün xüsusi kosmetik yağ, odekalon və s. Ona görə də avtobusdan enər-enməz dərhal bu mağazaya baş çəkir, lazımı sifarişləri bəribaşdan alırdıq ki, sonradan pul xərclənib qurtarar və almalı oluğumuz əşyaları ala bilmərik. Meydançanın düz ortasında isə, iki böyük “salxım söyüd” adlandırdığımız söyüd ağacı, hər ağacın altında da daima su axan iki novlu bulaq vardı. Bir qədər aralıda elə yarımdairəvi formada düzəldilmiş stenddə o zamanki sovet rəhbərliyinin və siyasi büro üzvlərinin plakat-portretləri yerləşdirilmişdi.
Avtobus vağzala çatan kimi,valideynlərimdən ayrılıb ilk növbədə dostların mənə əmanət etdikləri pulu bir daha sayaraq“nərdivanlıdükana” daxil oldum. Onların sifarişlərini alıb sonra şəhərdə valideynlərimi tapacaqdım...
Azərbaycanlıların Gümrü marşurutu
Gümrü çox da böyük şəhər olmadığı üçün bu iş o qədər də çətin deyildi- univermaq , sonra parça mağazaları, sonra İrəvanda yerləşən məhşur “Nairi” zavodunun qızıl dükanları və nəhayət kolxoz bazarından alış-veriş edib yenidən avtovağzala dönmək. Mənim üçünsə ən maraqlı və dəyişik marşurut imkan tapan kimi “Köhnə Univermaq” deyilən və artıq o qədər də məhşur olmayan univermağın yanındakı elə köhnə bir idman zalında 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiadasında ağırlıqqaldırma üzrə çempion olmuş, əslən Gümrülü Yuri Vardanyanın məşqlərinə baxmaq idi. Çünki mən də kəndimizdəki“Xırman”ı (sovet hökuməti qurulanda zəngin olduğu üçün "kulak" (sinfi düşmən) elan edilərək Qazaxıstana sürgün edilmiş babamdan bizə miras qalmışdı) həmyaşıdlarımla ağırlıqqaldırma, güləş, atletika və.s idman növləri üzrə məşq etdiyimiz bir növ idman zalına çevirmişdim. Yuri Vardanyanın məşqlərinə isə ağırlıqqaldırma texnikalarını öyrənmək üçün çox həvəslə baxır, hər dəfə şəhərə gedəndə mütləq onun məşq etdiyi könhə idman zalına baş çəkirdim. Elə bu dəfə də eyni marşurut üzrə hərəkət edəcək, sonda isə Gümrü kolxoz bazarının arxa tərəfində bir porsiyonu 3 manata satılan dadlı lülə kabab yeyib kəndimizə dönəcəkdim.
Sən saydığını say ...
Dostlarımın sifarişlərini alıb“Nərdivanlı” dükanı tərk etmişdim ki, yaxınlıqdakı məktəbdən çıxıb evlərinə doğru gedən həmyaşıdlarımın siyasi büro üzvlərinin portretlərinin önündə dayandıqlarını gördüm .O zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvlərinin portretləri bütün müttəfiq respublikalarda ən görkəmli yerdə əlifba sırası ilə düzülrdü. Mərkəzi Komitənin Baş katibinin portreti nisbətən böyük ölçüdə, ayrıca digər büro üzvlərinin portretləri isə eyni standart ölçüdə əlifba sırası ilə düzülürdü. Heydər Əliyev Siyasi Büroya üzv seçildikdən sonra əlifba sırası ilə Andropovdan sonraAliyev soyadı gəldiyi üçün onun şəkliikinci sıraya qoyulurdu. Ermənilər isə buna dözə bilmirdilər .Rəsmi şəxslər bunu qəbul etməyə məcbur olsalar da hüquqi məsuliyyət yaşına çatmamış yeniyetmə və uşaqlar Heydər Əliyevin porteretinə qarşı müxtəlif təxribatlar edirdilər .Növbəti belə hadisəyə isə görünür mən şahidlik etməli olacaqdım .Məktəbdən çıxan erməni uşaqlarından biri əlindəki qələm ilə Heydər Əliyevin portretinə yaxınlaşaraq onu üzərini yazmağa başladı .Əslində bunu nə üçün etdikırini dərindən anlamasam da , atamın evdəki söhbətlərindən bilirdim ki , ermənilər Heydər Əliyevin siyasi büro üzvü seçilməsindən çox möhkəm narahat olublar.
Heydər Əliyevin siyasi büroya üzv seçilməsi. Ermənilərin milli matəmi .
Atam kənd sovetinin sədri vəzifəsində çalışırdı və rayon sovetinin deputatı idi. Bir gün rayon sovetinin iclasından qayıtdıqdan sonra danışırdı ki, ermənilər yaman yasa batıblar. Heydər Əliyevin siyasi büroya seçilməsini matəm kimi qəbul edirlər. Amma nə bir oldu! Heç özlərinə gələ bilmirlər. Əslində bu sözlər və ermənilərin yasa batmağı Heydər Əliyevin böyüklüyünün göstəricisi idi. Eyni zamanda atamın bu sözləri bizi Heydər Əliyev təssübkeşi edirdi. Ona görə də indi ermənilər onun portretini cızarkən mən əsla sakit dura bilməzdim. Ani qərarlaportreti qaralayan həmyaşıdımın yaxasından nə vaxt necə yapışdığımdan özümün də xəbərim olmadı. Erməni ilə bir birimizisöyürdük - şun dığa ( it oğlu) – şun dığa dues ( it oğli sənsən ). Ən az təhqiramiz söyüncümüz bu idi. Birdən ləhcəmdən mənim türk olduğumu anladılar və kollektiv şəkildə“geğdot turk” (natəmiz türk) deyib üstümə düşdülər. Vəziyyətin qeyri-bərabər olduğunu görüb əllərindən çıxb uzaqlaşmaq istədim. Ermənilər isə məni təqib edirdilər.
Gümrü bazarında lavaş şöbəsi
Bazarın sahəsi olduqca geniş idi. Ancaq şəhər tərəfdən gircəkdə qara Güllübulaq daşından tikilmişiki mərtəbəli qədim inzibatibina da var idi. Birinci mərtəbə bazara qarışıq ikinci mərtəbə isə yalnız çörək məhsullarının satıldığı xüsusi yer idi. Burada lavaş, somun, makintaj çörəyi, təndir əppəyi, fətir, yəni ağlınıza gələn hər növ çörək satılırdı. Avtovağzaldan bazara təqribən 500 metr məsafə olardı. İdmançı kimliyim ermənilərin məni yaxalamalarına imkan vermirdi ancaq qurtulmaq üçün həm də ağıla ehtiyac vardı. Düşündüm ki, mən bazara girsəm necə olsa məni tapacaqlar çünki azərbaycanlılar adətən ikinci mərtəbəyə çörək üçün qalxmırdılar. Hamı öz çörəyini evdə bişirirdi. Ona görə də ermənilər məni birinci mərtəbədə axtaracaqdılar. Bunu nəzərə alaraq mən bazara dönər dönməz ikinci mərtəbəya qalxdım. Bir neçə saniyə sonra isə 7-8 nəfər erməni hay-küylə bazara daxil olub məni axtarmağa başladılar. Mən isə ikinci mərtəbəin asma divarından onları izləyirdim. Yarım saatlıq vurnuxmadan sonra çıxıb getdilər. Mən isə sakitcə aşağı enib lüləkabab yemək üçün bazarın arxa tərəfinə keçdim.