AZ

Laporta sevindi və təhqirə əl atdı

“Barselona” rəhbərliyi iki oyunçu ilə bağlı problemi yoluna qoyub. İspaniya klubu 2024/25 mövsümünün ikinci hissəsi üçün yarımmüdafiəçilər Daniel Olmo ilə Pau Viktoru qeydiyyatdan keçirə bilib.

Xəbər verdiyimiz kimi, “Barselona” bu futbolçulara yeni lisenziya almaq üçün sifariş ərizəsi təqdim etdiyi La Liqa və İspaniya Kral Futbol Federasiyasından (İKFF) mənfi cavab almışdı. Bu qurumlar maliyyə problemləri səbəbindən oyunçuları təkrar qeydiyyatdan keçirməkdən imtina etmişdi. Bu vəziyyətdən çıxış yolu kimi İspaniya Ali İdman Şurasına (İAİŞ) müraciət edən “Barselona” qurumdan müsbət cavab alıb. Şura Olmo ilə Viktoru müvəqqəti olaraq qeydiyyatdan keçirməyə icazə verib. Qurumun mətbuat xidmətinin məlumatına görə, La Liqa və İKFF-nin imtinasına baxmayaraq, Kataloniya klubu müxtəlif məhkəmələrdə şikayətinə baxıldığı dövrdə futbolçuların xidmətindən La Liqa, ölkə kuboku və İspaniya Superkubokunda yararlana biləcək.

Bir məqamı da qeyd edək. Xuan Laporta özünü işə salıb. “Barselona”nın prezidenti İAİŞ-nin klubun şikayətini müsbət cavablandırmasına emosional tərzdə reaksiya verib. Laporta isə futbolçuların qeydiyyatından imtina etdiklərinə görə La Liqa və İKFF-nin rəsmilərinə və nümayəndələrinə qarşı dəfələrlə kobud davranıb, onları ədəbsiz söz və ifadələrlə təhqir edib. 62 yaşlı prezident La Liqa və federasiyanın rəhbərlərini görəndə özünü tamamilə itirərək “siz həyasız adamlarsız! Əclaflar!” deyə qışqırıb. İspaniya Superkubokunun “Atletik” ilə yarımfinal matçında VIP kabinetdə olan Laportanın futbol qurumlarına ünvanladığı təhqiredici sözləri kameralara düşüb.

Yerli mənbələr onun belə davranışına görə cəzadan qaça bilməyəcəyini vurğulayır.

Seçilən
7
football-plus.az

1Mənbələr