AZ

Neftlə bağlı pessimist proqnozlar

2025-2026-cı illərdə “qara qızıl”ın ucuzlaşacağı ehtimal olunur

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2025-2026-cı illərdə qlobal neft bazarı ilə bağlı gözləntilərini açıqlayıb. Qurumun ehtimallarına görə, 2025-ci ildə “Brent” markalı neftin orta bazar qiyməti 73,5 -74,3 civarında proqnozlaşdırılır. “WTI” markalı neftinin qiyməti isə 70,3 dollar səviyyəsində ehtimal olunur. EIA-nın 2026-cı il üzrə neft markalarının orta qiymətləri üzrə proqnozlar cari ilə nisbətən daha aşağıdır. Belə ki, proqnozlara əsasən, gələn il “Brent”?n bir barelinin orta qiyməti 66,4 dollar, “WTI” marakılı neftin qiyməti isə 62,4 dollar gözlənilir.

Göründüyü kimi ABŞ Energetika Nazirliyinin ehtimal ssenariləri neftin cari və növbəti illərdə ucuzlaşmasına dəlalət edir. Qeyd edək ki, 2024-cü ildə qitələrarası birjalarda keçirilən ticarət əməliyyatlarında “Brent” neftinin 1 barelinin qiyməti 80,5 dollar, “WTI” markalı neftin orta satış qiyməti isə 76,6 dollar  təşkil edib. Bu o deməkdir ki, yeni proqnozlar neftin hər il 10 faiz ucuzalaşacağına işarə edir.

Ucuzlaşmaya səbəb nədir?

Neftin qiymətlərində baş verən dalğalanmaların, daha doğrusu, aşağı eniş trayektoriyasının bir səbəbi ABŞ-da yeni hakimiyyət komandasının formalaşması ilə bağlı qlobal bazara psixoloji təsirlər, eyni zamanda, Amerikadakı mövcud neft ehtiyatlarının hasilata cəlb edilməsi hazırlıqları ilə bağlıdır. Birləşmiş Ştatların yeni prezidenti Donald Trampın yüksək hasilat sənayesinin canlandırılacağını bəyan edib. Onun seçkiqabağı şüarlarından biri “Drill, baby, drill!” idi, yəni harada imkan varsa, neft quyusu qazılmağa icazə veriləcək. Tramp ABŞ-ın 20 neft şirkətinin, o cümlədən “Chevron”, “Exxon” və “Occidental Petroleum”un rəhbərləri ilə görüşdə bildirib ki, neft hasilatı ilə bağlı indiyədək mövcud olan bütün maneələri aradan qaldıracaq, yən? Meksika körfəzində və Alyaskanın Arktika hissəsində neft hasil etməyə icazə verəcək, üstəlik, avtomobillərin havanı çirkləndirməsi ilə bağlı tətbiq edilmiş qaydaları ləğv edəcək, Baydenin təbii qazın sıxılması ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər də aradan götürüləcək.

Qeyd edək ki, ABŞ-da neft ehtiyatları Rusiya və Səudiyyə Ərəbistanından daha çoxdur. Amerika  Prezidenti onu da bildirib ki, enerji daşıyıcıları əlçatan olmalı, sənaye və istehlakçı qrupları nefti daha münasib qiymətə əldə etməlidirlər.

Neftin ucuzlaşmasına təsir edən amillərdən biri isə Çin iqtisadiyyatında iqtisadi artımın zəifləməsi, sənaye sektorlarında yeni enerji mənbələrindən istifadənin artması da rol oynayır. Bundan başqa, dünyada bərpaolunan enerjiyə keçidin sürətlənməsi, bir çox ölkədə sənayenin, xüsusilə də elektrik enerjisi sahələrinin “yaşıl enerji” yə keçməsi də neftə olan istehlakı azaldır. Həmçinin Ukrayna müharibəsi ilə əlaqədar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar da neftin ucuzlaşmasında təsiredici faktorlardan biridir.

Qlobal iqtisadiyyata necə təsir edəcək?

Neft bazarında baş verənləri nəzərə alaraq “OPEC” ölkələri neftin hasilatını aşağı sala bilər, neftin indiki sabit hasilatının davam etdirilməsi kartel ölkələri üçün maraqlı deyil. “OPEC”lə yanaşı, digər neft tədarükçüləri alyansı da hasilatın artırılmasının əleyhinədir. Dekabrda “OPEC+” ölkələri hasilatın gündəlik 2,2 milyon barel səviyyəsində qalmasını dəstəkləyən qərar qəbul edib. 2025-ci ilin ilk ayının sonunda bazardakı proseslərdən asılı olaraq, “OPEC” və “OPEC+” hasilatın azaldılması qərarı verə bilər. Bu isə bazarda daha az neft tədarükləri sayəsində qiymətlərin indiki mövcud satış əmsalı üzrə davam etməsi, ABŞ-ın gözlənilən hasilat həcmlərini artırması sayəsində yaranacaq riskləri neytrallaşdıracaq.

Neftin ucuzlaşması sənaye və istehsal sektorlarında xammalların və məhsulların maya dəyərinə təsir göstərdiyindən dünyada bir çox mal və xidmətlərin, əmtəələrin qiymətinin ucuzlaşması da gözləniləndir.

Azərbaycana təsirləri...

Azərbaycanda neftinin büdcə qiyməti 2025-ci il üzrə 70 dollar müəyyən edilib. Bu, optimist ssenaridir. Belə ki, Enerji İnformasiya Administrasiyasının 2025-ci il üzrə (74 dollar) proqnozundan aşağı rəqəmdir. Habelə onu da nəzərə alsaq ki, “Azeri Light” markalı neftinin bir barelinin qiyməti “Brent”dən daha bahadır və orta hesabla hər bareldə 3-4 dollar yuxarı qiymət fərqi var, bu baxımdan Azərbaycan neftinin  1 barelinin qiymətinin 78-79 dollara satılacağı istisna edilmir. Hazırda bazarda qiymət indeksi həmin rəqəm üzrə davam etməkdədir. Yəni, Azərbaycanda neftin büdcədəki qiyməti dünya üzrə ən aşağı proqnozdan da kiçikdir və bu amil, neft üzrə daxiolmalar, Dövlət Neft Fondunun yığım və öhdəlikləri, habelə iqtisadi proqnzolar üçün heç bir qorxu yaratmır.

Eyni zamanda, Azərbaycanda bir neçə ildir ki, neftdən asılılığın azalması müşahidə edilir, ÜDM-də və büdcədə fiskal yığımlarda neftin payı aşağı düşür, qeyri-neft sektorunun payı yüksəlir.

Beləliklə, 2025-ci ildə neftin qiyməti 70 dollar ətrafında dəyişsə belə, Azərbyacanın neft yığımı üzrə öhdəliklərində, həmçinin Neft Fondunun ehtiyatlarında azalma olmayacaq.

Ümumiyyətlə, 2024-cü ildən sonrakı dövrlərdə büdcədə neft gəlirlərinin azalması istisna deyil, ancaq vergi yığımları, gömrük sektorundan vergilər, eləcə də büdcədənkənar fondlardan daxiolmalar və digər mənbələr hesabına neft boşluğunu qeyri-neft dolduracaq. Bu tendensiya ümumi daxili məhsulun (ÜDM) strukturunda da neft-qaz sektorunun payının azalmasına səbəb olacaq. Belə ki, ÜDM-də qeyri-neft gəlirlərinin 2024-cü ildə 84,2 milyard manat və ya 71,1 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78,7 faizə çatacağı proqnozlaşdırılır. Neft-qaz ÜDM-in payı isə cəmi 21,3 faiz təşkil edəcək.

E.CƏFƏRLİ

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr