AZ

Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb » AzadMedia.az


Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı körpünün yenidən tikilməsi ilə əlaqədar bəzi avtobus marşrutlarının dəyişdirilib. Bu barədə əvvəlki yazılarda məlumat vermişdik. Marşrutların hərəkət xəttinin dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub.

Redaksiyamıza Saray qəsəbə sakinlərinin göndərdikləri şikayətdə bildirilirdi ki, hərəkət xətti dəyişdirilən marşrutlardan biri də 523-dür. Sumqayıt-Saray-Xırdalan xətti üzrə hərəkət edən bu marşrutun dəyişdirilməsi nəticəsində sərnişinlər didərgin düşüb. Sərnişinlər iddia edirlər ki, Sumqayıtdan Saray və Xırdalana rahat gəldikləri halda, indi bu istiqamətə getməyə avtobus tapmırlar. 523 saylı marşrut üzrə hərəkət edən avtobusların Sumqayıt şəhərinə girişi qadağan edilib. Həmin marşrutun avtobusları indi yalnız Xırdalan-Saray istiqamətində hərəkət edə bilir. Marşrut üzrə hərəkət edən avtobusların sayı azaldılıb ki, bu da sərnişinlərin narahatlığına səbəb olur.

Məsələ ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TNS-ə bildirilib ki, 523 saylı Sumqayıt-Saray-Xırdalan marşrutunun hərəkət xətti dəyişdirilərək, Saray-Xırdalan istiqamətinə yönləndirilib. Sumqayıtdan Xırdalana gedən sərnişinləri daşımaq üçün 505 saylı marşrut xətti istifadəyə verilib və həmin marşrut üzrə sərnişinlərin rahat daşınmasına şərait yaradılıb.

"Bir saat marşrut gözləyirik"

Amma bu, AYNA-nın açıqlamasıdır. Sumqayıt sərnişinləri tam fərqli şeylər deyirlər.

Sərnişinlər bildiriblər ki, heç də hər şey AYNA dediyi kimi deyil. Onların sözlərinə görə, Sumqayıtdan Xırdalan istiqamətinə açılan 505 saylı marşrut xəttini saatlarla gözləmək lazımdır: “523 saylı marşrut xəttində hərəkət edən avtobusların intervalı 10-12 dəqiqə idi. Düzdür, bəzi vaxtlarda avtobuslarda sıxlıq olurdu. Amma bu qədər avtobus gözləmirdik. İndi 505 saylı marşrut avtobusunu 1 saat gözləyirik. Gah deyirlər, tıxacda qalıb, gah deyirlər, avtobusun sayı azdır. Bilmirik, necə edək? Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişik, deyirlər ki, marşrutlara onlar yox, AYNA nəzarət edir. Saatlarla küçələrdə qalırıq, avtobus tapa bilmirik. Məcburiyyət qarşısında qalıb “manatlıq” taksilərlə getməli oluruq. Həmin taksilər də Xırdalanın içərisinə girmir, Sumqayıt yolunda saxlayırlar, çünki onlar Bakıya gedir. Masazır dairəsi, “Ər-Riyad” ticarət mərkəzinin qarşısında düşüb, oradan Xırdalanın içərisinə ya piyada gedirik, ya da başqa avtobusla.

Başa düşürük, körpü sökülüb, yenidən inşa olunur, yol bağlıdır. Amma bu, o demək deyil ki, körpü istifadəyə verilənə qədər biz belə əziyyət çəkməliyik. Normal marşrut açsınlar, pulumuzu verək, rahat yolumuzu gedək. Niyə biz küçələrə tökülməliyik? İnsanları belə incitmək olmaz”.

"Hər gün 10 manat taksiyə verirəm"

Sərnişin Rafiq Alxasov isə deyir ki, hər gün Xırdalandan Sumqayıta işə gedib-gəlir: “Adam var ki, gün ərzində bir dəfə və ya həftədə bir dəfə Sumqayıta gedib-gəlir. Amma mən hər gün Sumqayıta gedib-gəlməyə məcburam. 10 ildir, Sumqayıtda işləyirəm. Səhər 09:00-da işdə olmalıyam, növbəni dəyişməliyəm. Əvvəl səhər 8-ə qalmış evdən çıxırdım, 9-un yarısı, 9-a qalmış çatırdım. Heç bir problem yaşamırdım. Amma son bir ayda rəhbərlik tərəfindən iki dəfə xəbərdarlıq almışam. Rəhbərliyə də sübut edə bilmirəm ki, körpü sökülüb deyə, marşrutlar gec gəlir. Deyirlər ki, biz işimizi sizin marşruta görə nizamlamalı deyilik. Artıq bir həftədir, Xırdalandan Sumqayıta, Sumqayıtdan Xırdalana taksi ilə gedirəm. Hər gün 10 manata yaxın xərcim çıxır. Ayda 600 manat maaşın 300 manata yaxınını taksiyə verirəm. Özüm isə həmin maaşla 4 nəfərlik ailə saxlayıram. Neynəyim? Marşruta görə evimi atım, gəlim Sumqayıtda kirayə qalım? Bir saat avtobus intervalı olar? AYNA ilə sahibkarların iş prinsipi bizi bərbad vəziyyətə salıb”.

Sahibkar: "Əlavə maşınlar cəlb etmək olar, amma icazə yoxdur"

Məsələ ilə bağlı 505 saylı marşrutun daşıyıcısı ilə əlaqə saxladıq. Sahibkar Qəzənfər Abdıyev TNS-ə açıqlamasında bildirdi ki, xətt üzrə cəmi 5 avtobus buraxılıb: “Həmin xəttə 5 avtobus buraxmışam, hamısı işləyir. Avtobuslar arasında interval 20-25 dəqiqə müəyyənləşdirilib. Mən əvvəldən onlara 5 avtobus demişəm, onu da xəttə buraxmışam. Əlavə maşınlar cəlb etmək olar, amma icazə yoxdur. Onunla bağlı danışıqlar gedir”.

Avtobuslar arasında intervalın 40 dəqiqə, 1 saat olmasına gəlincə, sahibkar bunu şəhərdə yaranmış tıxacla əlaqələndirib: “Sumqayıtda tıxaclar olur, avtobuslar da yollarda qalır. Tıxaca sən neynəyə bilərsən, mən neynəyə bilərəm? Çalışarıq, danışıqlar aparaq, razılıq alıb, avtobusların sayını artıraq. Hazırda bu barədə şəhər rəhbərliyinə müraciət etmişəm, əgər məsləhət bilsələr, problemin aradan qaldırılmasına çalışarıq”.

Məsələ ilə bağlı hərəkət xətti dəyişdirilən 523 saylı marşrut avtobusunun daşıyıcısı Elşən Quliyevlə də əlaqə saxladıq. Sahibkar TNS-ə açıqlamasında etiraf etdi ki, adıçəkilən marşrutda avtobusların sayını azaldıb: “Bəli, mənim həmin xətdə 19 avtobusum var idi. Marşrutun hərəkət xətti dəyişdiriləndən sonra avtobuslarım Sumqayıta daxil olmadı. Saray-Xırdalan marşrutu üzrə isə 10 avtobus bəs edir. Hazırda avtobuslar arasındakı intervalda heç bir gecikmə yoxdur, eyni intervalla hərəkət edir. Yəni, həmin xətt üzrə əlavə avtobuslara ehtiyac yoxdur. Ona görə də 9 avtobusu xətdən çıxarmışıq. Həmin 9 avtobusun sürücülərini növbəli iş sisteminə keçirmişəm. Düzdür, bəzi sürücüləri maaş qane etmədiyi üçün Sumqayıtdakı digər marşrutlara keçib, amma qalan sürücülər növbəli işləyirlər”.

Avtobusların arasındakı intervalın çox olmasına gəlincə, sahibkar bildirib ki, bu, körpünün sökülməsi ilə əlaqədardır: “Bu, bizdən asılı məsələ deyil. Körpü sökülüb, alternativ yol "Yaşlıdərə" ərazisindən müəyyən edilib. Həmin yol isə darısqal olduğundan tez-tez tıxaclar yaranır. Tıxaclar pik saatlarda bir neçə dəqiqə gecikmələrə səbəb ola bilər. Sərnişinlər bir müddət səbrli olsalar, körpü açılandan sonra problem həllini tapacaq”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt Regional Şöbəsindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və sərnişinlərin rahatlığı üçün lazımi tədbir görüləcək: “Saray qəsəbəsi ilə Sumqayıt şəhərini birləşdirən körpü söküldüyü üçün bu ərazilərdə bəzi marşrutların hərəkət xətti dəyişdirilib. Əhalinin rahatlığını təmin etmək üçün Sumqayıtdan Xırdalana və əks istiqamətə 505 saylı marşrut açılıb. Bu vaxta qədər bu barədə bizə şikayət daxil olmayıb. Əgər narazılıq varsa, biz bu barədə araşdırma aparıb, monitorinq keçirərik. Problem olarsa, onu aradan qaldırmağa çalışarıq”.
Seçilən
17
1
azadmedia.az

2Mənbələr