AZ

Sürpriz iddia: “Hakan Fidan söz verib, bunu etməyəcəklər”

Ötən həftə Səudiyyə Ərəbistanında Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşən Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Türkiyə-Suriya əlaqələri ilə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, avropalı diplomat bu barədə Yunanıstanın “Ta Nea” qəzetinə danışıb.

Kallas Türkiyə ilə Suriya arasında dəniz yurisdiksiyası ərazilərinin müəyyən edilməsinə dair razılaşma imzalansa, Aİ-nin mövqeyinin necə olacağı sualına belə cavab verib:

“Bu məsələ ilə bağlı xarici işlər naziri Hakan Fidandan soruşmuşam. O, belə bir niyyətlərinin olmadığını və bunların əsassız şayiələr olduğunu bildirdi. Fidanın mənə dediklərinə şübhə etməyim üçün heç bir əsas yoxdur”.

Yunan nəşrinin “Aİ belə bir mümkün razılaşmanın qarşısını almaq üçün nə etməlidir” sualına diplomatın cavabı belə olub: “Spekulyasiya etmək istəmirəm. Etməyəcəklərinə dair söz almışam”.

Türkiyənin Suriyadakı rolundan narahat olub-olmadıqları soruşulanda Kallas deyib: “Sabit Suriya həm Türkiyə, həm qonşu ölkələr, həm də Avropa İttifaqının marağındadır”.

Qeyd edək ki, Türkiyə ilə Suriya arasında dəniz yurisdiksiyası ərazilərinin müəyyən edilməsinə dair razılaşmanın imzalanması ehtimalı Afina və Kiprin yunan tərəfində gündəmdədir. Yunanıstan Xarici İşlər Nazirliyi Suriyada müvəqqəti bir prosesin getdiyini və imzalanacaq hər hansı razılaşmanın “qanuni” sayıla bilməyəcəyini bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
14
teleqraf.com

1Mənbələr