AZ

Buraxılış imtahanları niyə tədris ilinin yekununa 13 həftə qalmış keçirilir ?

DİM buraxılış imtahanlarının niyə tədris ili bitməmiş keçirildiyinə aydınlıq gətirib.

"İlk növbədə qeyd etmək istərdik ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda tədris planları, qüvvədə olan dərsliklər və qəbul proqramları həmişə əsas götürülür. Buraxılış imtahanlarında isə yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır. Bu birmənalıdır və indiyə qədər bununla bağlı hər hansı narazılıq olmayıb".

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

O, bildirib ki, 2017-ci ildən etibarən 9-cu siniflərdə, 2019-cu ildən isə 11-ci siniflərdə tətbiq olunan imtahan modelinə əsasən, qapalı tipli tapşırıqlarla yanaşı, yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunmağa başlanılmışdır. Həmin vaxtdan etibarən imtahanlar mart-aprel aylarında keçirilir. Çünki yazılı cavab tələb edən tapşırıqların yoxlanılması markerlər tərəfindən həyata keçirilir və vaxt tələb edir.

Bundan başqa, nəzərə alınmalıdır ki, fənn kurikulumlarına görə 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır. Kurikulumların mahiyyətinin yalnız  biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında  əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. 

Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Ona görə də imtahanın mart-aprel aylarında keçirilməsi iştirakçılarda narahatlıq yaratmamalıdır.

"Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər", - o, qeyd edib.

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək

Seçilən
13
operativmedia.az

1Mənbələr