AZ

“Xəzər” jurnalının nəşri Azərbaycan Dillər Universitetində davam etdiriləcək

“Xəzər” tərcümə və mədəniyyət jurnalı Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi fəaliyyətini davam etdirəcək.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bununla bağlı yanvarın 15-də universitetin rektoru, akademik Kamal Abdullanın iştirakı ilə jurnalın redaksiya heyətinin iclası keçirilib.

İclasda jurnalın nəşri, gələcək fəaliyyəti, müxtəlif ölkələrin ədəbi-bədii orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması və s. məsələlərlə bağlı müzakirələr aparılıb.

“Xəzər” tərcümə və mədəniyyət jurnalının 2025-ci il üçün ilk sayının mart ayında çap olunması nəzərdə tutulur. Jurnalın məsləhətçisi Xalq yazıçısı Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir.

Dərginin redaksiya heyətinə Saday Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev və Cavid Zeynallı daxildir. Həmçinin jurnalın Türkiyə, İtaliya, Rusiya, Qazaxıstan və başqa ölkələrdən olan tanınmış naşir və yazıçılardan ibarət redaksiya heyəti də formalaşacaq.

Jurnalda elmi-nəzəri araşdırmalar, orijinaldan bədii tərcümələr yer alacaq, klassik və çağdaş dünya ədəbiyyatının seçmə nümunələri təqdim olunacaq.

Dərgidə yayımlanacaq rubrikalarda oxucuların dünyagörüşünün artırılması, ədəbi zövqünün formalaşması, estetik dəyərlərin təbliğ olunması kimi faktorlara diqqət yetiriləcək.

Qeyd edək ki, "Xəzər" jurnalı 1989-cu ildən Dövlət Tərcümə Mərkəzində dərc edilib.

Xatrıladaq ki, 2024-cü il noyabrın 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilib.

“Xəzər”
Seçilən
4
2
apa.az

3Mənbələr