AZ

"Qarabağ" rəsmisi: "Azərbaycandakı futbolçuların da böyük klublara gedə biləcəyini göstərdik" 

Azərbaycandakı futbolçuların da böyük klublara gedə biləcəyini göstərdik.

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Olavio Juninyonun Braziliyanın "Flamenqo" klubuna keçidi ilə bağlı danışarkən deyib.

Funksioner ciddi və böyük transferin gerçəkləşdiyini bildirib:

"Qarabağ"dan belə komandalara hansısa oyunçunun keçməsi sevindirici haldır. İspaniyanın "Sevilya" klubu da hücumçu ilə maraqlanırdı. Daha sonra "Flamenqo" variantı ortaya çıxdı. Yekun qərarı Juninyo verdi. Klubumuzun üzvləri danışıqlar prosesində peşəkarlıq göstərdilər. Lazım olan bütün məlumatları istədilər və qarşı tərəfə də göndərdilər".

Ə.Çəlikəl forvardın "Sevilya"nı yox, "Flamenqo"nu seçməsinə də toxunub:

"Çünki o, braziliyalıdır. Böyük ehtimalla ölkəsinin milli komandasında çıxış etmək arzusundadır. Qərarı o verib, amma mənim təxminim bu yöndədir. Bu, reallaşdırdığımız ikinci böyük transferdir. Daha əvvəl Kadi Borges "Qarabağ"dan Rusiya təmsilçisi "Krasnodar"a keçmişdi. Əsas odur ki, Juninyo da razıdır. Onsuz da böyük təkliflərdən sonra inanmırdıq ki, komandamızda motivasiyalı işləyə biləcək".

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
2
report.az

1Mənbələr