AZ

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Cəbrayıl, 16 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 32 ailə olmaqla, 153 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 30 mindən çox insan yaşayır.

Seçilən
4
12
azertag.az

10Mənbələr