AZ

"Franklin Templeton" aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biridir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycan Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.
Görüşdə "Franklin Templeton" ilə tərəfdaşlığın strateji əhəmiyyəti qeyd edilib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğu bildirib.
Oxu.Az AZƏRTAC-a istinadən şirkətlə bağlı qısa arayışı təqdim edir:
1947-ci ildə ABŞ-nin Nyu-York şəhərində təsis edilmiş "Franklin Templeton" şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən, idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. "Franklin Templeton" şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir. Şirkətin səhmlərinin 60 faizi Nyu-York Fond Birjasında listinqdədir, qalan 40 faizi təsisçiləri olan Conson ailəsinə məxsusdur. "Forbes"un ötən ilin avqustuna olan məlumatına əsasən, Conson ailəsinin şəxsi sərvəti 10.5 milyard ABŞ dolları təşkil edir.
Şirkətin rəhbəri xanım Cenni Conson 2022-ci və 2023-cü illərdə "Forbes" jurnalının "Dünyanın 100 ən güclü qadını", 2022-ci ildə isə "50 Over 50" siyahısında yer alıb. Həmçinin, ardıcıl beş il ABŞ-nin maliyyə sahəsində nüfuzlu "Barron's" nəşrinin "ABŞ-də maliyyə üzrə 100 güclü qadın" siyahısına daxil edilib.
Cenni Conson, eyni zamanda, bir sıra təşkilat və ictimai qurumların müşahidə və məşvərət şuralarında təmsil olunur. Belə ki, o, Sinqapur Mərkəzi Bankının Beynəlxalq Məşvərət Panelinin, Nyu-York Fond Birjasının Məşvərət Şurasının, "Memorial Sloan Kettering" xərçəng xəstəlikləri fondunun, "Thermo Fisher Scientific" və digər ictimai təşkilatların müşahidə şuralarının üzvüdür.
Qeyd edək ki, hazırda "Franklin Templeton" şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu arasında qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlığın yaradılması məqsədilə ilkin addımlar atılıb və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları araşdırılır. Bununla əlaqədar şirkət rəhbərliyi ilə sıx münasibətlər qurulub, mütəmadi olaraq danışıqlar və görüşlər keçirilir. Məsələn, Səudiyyə Ərəbistanında şirkətin baş icraçı direktoru və prezidenti Cenni Consonla görüşdə əməkdaşlıq perspektivləri və müxtəlif imkanlar müzakirə edilib. Eyni zamanda, Cenni Consonun başçılıq etdiyi nümayəndə heyətinin COP29 tədbirlərində iştirakı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun rəhbərliyi ilə bir sıra görüşləri olub, müzakirələr aparılıb.
Seçilən
4
50
oxu.az

10Mənbələr