AZ

Universitetlərin köçürülməsi tıxaclara son qoya bilər? -

Sosial media istifadəçiləri yazırlar ki, hazırda universitetlərdə imtahan sessiyası ərəfəsi olduğu üçün yollarda, ictimai nəqliyyatda tələbə qələbəliyi olmur və insanlar gedəcəkləri ünvana adi günlərdəkinə nisbətən daha tez çatırlar. Bu da ali təhsil müəssisələrinin paytaxtdan kənar ərazilərə köçürülməsi mövzusunu yenidən gündəmə gətirir. Xüsusilə bunun şəhərdəki tıxacın aradan qalxmasında əlverişli olacağı düşünülür. Sabiq millət vəkili Vahid Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, son 30 ildə özəl məktəblərin, universitetlərin sayının artması Bakıda çox çətin sıxlıq və tıxac problemini yaradıb. Yəqin ki, Bakının Baş Planında da bu məsələlər nəzərə alınıb: “Mən hesab edirəm ki, bir sıra ali təhsil müəssisələrini, nazirlikləri kənara köçürməyə ehtiyac var. Necə ki, vaxtında Qafqaz Universitetini Xırdalana köçürdülər, orada böyük ərazilər var. Qaradağ rayonunda müəyyən ərazilər var və oralara da köçürmək olar. Yəni Bakıya təxminən 10-15kilometr məsafədə yeni bir şəhərin tikilməsil azımdır”. V.Əhmədovun fikrinə görə, Azərbaycan hökuməti urbanizasiya ilə əlaqədar xüsusi proqram qəbul etməlidir: “Çünki şəhərə axın kifayət qədər çoxdur. Bunun qarşısını almaq üçün birinci regionlarda iş yerlərinin sayını kəskin artırmaq lazımdır. Qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. O cümlədən hansı universitetlər daha çox kənd təsərrüfatı ilə, turizmlə əlaqədardır, onları da şəhərdən kənara çıxartmaq olar. Böyük bir proqram olmalıdır və bir neçə il müddətinə bunu həyata keçirmək mümkündür. Əgər universitetlər şəhərdən kənara çıxarılacaqsa, orada, əlbəttə, yataqxanalar, yeni kampuslar tikilməlidir ki, tələbələrin bütün məişət məsələləri həll olunsun. Necə xarici dövlətlərdə, o cümlədən Türkiyədə belə kampuslar fəaliyyət göstərir”. İqtisadçı alim əlavə edib ki, əks halda vəziyyət belə davam etdikcə, Azərbaycana idxal olunan avtomobillərin sayı da yüksəlir. Həm Bakı şəhərində ekoloji cəhətdən problemi müəyyən qədər tarazlamaq üçün, həm də insanların gediş-gəlişini asanlaşdırmaq və tıxacların qarşısını almaq üçün bu addımlar atılmalıdır. Urbanist İlkin Babayev isə tamamilə əks fikirdədir. O, universitetlərin köçürülməsini düzgün addım hesab etmir: “Şəhərdə tıxac yaranırsa, bunun bir yolu çeşidli ictimai nəqliyyatı inkişaf etdirməkdir. Əgər universitetləri Hövsana köçürsən, bu dəfə də Hövsan yolunda tıxac yaranacaq. Lap köçürülsün, ancaq orada işləyən professorlar, müəllimlər və digərləri kimsə tıxacsız şəhər istəyir deyə razıdırlar gedib çölün düzündə işləməyə? Bu məsələyə üçtərəfli baxmaq lazımdır. Tələbə şəhərçiyi belə qurulsa, tələbə ora gedib-gəlmək üçün ictimai nəqliyyatdan, taksidən istifadə edəcək, yəni sadəcə tıxacın yeri dəyişəcək”. İ.Babayevin sözlərinə görə, dünyanın heç bir yerində şəhərdəki tıxacı azaltmaq üçün paytaxt köçürmək, iş yerlərini köçürmək həll yolu sayılmır: “Bakı bu qədər insan üzərindən qurulmuş iqtisadiyyatla işləyir. Hər hansı bir müəssisənin köçürülməsi hər bir kəsə təsir edəcək. Çünki bu, iqtisadiyyatın təməl qanunudur: çox adam varsa, çox gəlir yeri var. Bu gün tıxacdan şikayətlənən sürücü sabah artıq iş yerlərinin olmamağından şikayətlənəcək. Özünə nəsə almaq istəsə, mağaza tapa bilməyəcək, çünki orada “part-time” işləyən tələbə artıq şəhərdə deyil deyə mağaza işləmir, yaxud bağlanıb. Dünyanın heç bir yerində paytaxt köçürülməsi töhfə vermir. Türkiyə buna nümunədir, paytaxtı Ankaradır, amma İstanbul dünyanın ən tıxaclı şəhəridir. Yəni paytaxtın hara olmağı əhəmiyyətli deyil, şəhərdə düzgün infrastruktur yaradılmalıdır. Bu gün institutu başqa yerə köçürmək, problemi başqa yerə köçürür, onu həll etmir”. Urbanist tələbə yataqxanalarının tikilməsindən də bəhs edib: “Düşünmürəm ki, tələbə yataqxanalarının tikilməsi tıxacda rol oynasın. Bu, ancaq kirayə qiymətlərinə təsir edə bilər ki, camaatın canını absurd qiymətlərdən qurtarar. Sentyabrda ev qiymətləri pik həddə çatır, rayonlardan gələn tələbələr çətinlik çəkir. Yataqxanaların tikilməsi onlar üçün faydalı ola bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
32
3
metbuat.az

10Mənbələr