AZ

Qərbin yeni “oyuncağı”...

İrəvan regionu təhlükə çəmbərinə salır

İmzalanan strateji saziş ABŞ-ın maraqlarının ifadəsidir

Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentində imzalanan Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında saziş Cənubi Qafqaz regionunda yeni yaranan münasibətlər sisteminə mühüm təsirləri ilə yadda qalacaq. Belə ki, sazişdə yer alan müddəalara diqqət yetirdikdə, sənədin təsir yaradacaq arealının genişliyi diqqəti cəlb edir.

İlk olaraq vurğulanmalıdır ki, 5 bənddən ibarət bu sənəd heç də Ermənistan tərəfindən təbliğatı aparıldığı kimi “müttəfiqlik” sənədi deyil. Sazişin preambulasına nəzər yetirdikdə, bu, “dostluq münasibətlərinin və strateji tərəfdaşlığın əhəmiyyətini təsdiqləmək” kimi nəzərdə tutulur.

ABŞ Ermənistanı niyə “seçib”-“oyuncaq ölkə” yenidən maraq aləti rolunda

Ayrı-ayrı bəndlərə baxdıqda isə ortaya maraqlı nüanslar çıxır. Qeyd edək ki, sənədin Ermənistanın xüsusi dəstəklənməsi üçün nəzərdə tutulmadığı, sadəcə ABŞ-ın özünün regional maraqlarının təmininə istiqamətləndiyi ilk baxışdan ortaya çıxır. Məsələn, “Əməkdaşlıq prinsipləri” adlanan birinci bölmədə yer alan “Birləşmiş Ştatlar Ermənistanın Avro-Atlantik birliyin digər ölkələri və daha geniş demokratik ictimaiyyətlə siyasi, iqtisadi, təhlükəsizlik və sosial əlaqələrini dərinləşdirmək səylərini alqışlayır” ifadəsi İrəvanın hansısa hərbi qrupa və ya Qərbin spesifik iqtisadi birliyinə inteqrasiyasını təmin etməyə qərarlılıqla bağlı məlumat vermir - sadəcə, İrəvanın cəhdləri “bəyənilir”. Bunun altında yatan əsas məsələ isə “tərsbucaq”dır - əslində, ABŞ Ermənistanı “Qərbin oyuncağı”na çevirərək onu hazırda təmsil olunduğu “ünvanlardan” qoparmaqda maraqlıdır. Gürcüstanla 2009-cu ildə bağlanan analoji saziş qüvvədən düşdüyü üçün Vaşinqton regiona təsir imkanlarını tam itirməkdə idi. Məhz bu nöqteyi-nəzərdən heç kimə lazım olmayan Ermənistan ABŞ-ın “favoriti”nə çevrilir. Bu fikrin əsas kodu həmin bölmədə qeyd edilən “Birləşmiş Ştatlar Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını dəstəkləyir” fikrində gizlənir. Yəni, ABŞ xüsusilə Zəngəzur dəhlizinin 2020-ci il 10 noyabr razılaşması əsasında açılmasından açıq şəkildə ehtiyat etdiyini ortaya qoyur. ABŞ və bir sıra dövlətlərin 4 ildən artıqdır ki, Zəngəzur dəhlizi ilə bağlı məsələdə “suverenlik” məsələsinə “istinad” etməsi onları burada açıq-aydın ələ verir - Vaşinqtonun hazırladığı sənəd ABŞ-ın yeni kommunikasiya siyasətinin konturlarını özündə ifadə edir.

Regional layihələrə “giriş bileti”...

Eyni ilə, ikinci bölmədə yer alan “Ermənistanın enerji istehsalı və təchizatını diversifikasiya etmək və artırmaq imkanlarını araşdırmaq niyyəti”, “nüvə təhlükəsizliyi və silahların yayılmaması standartlarına uyğun mülki nüvə enerjisi proqramının hazırlanması” kimi müddəalar da İrəvanın bu “tamaşada” daha çox bölgəsəl təhdid roluna “uyğun görüldüyünü” təsdiqləyir. Dünənə qədər atom enerjisinin yayılmasına qarşı radikal çıxışları ilə tanınan ABŞ-ın Ermənistanda “dinc” məqsədlərlə belə olsa atom enerjisi yönümlü əməkdaşlığa “can atması” onu göstərir ki, Vaşinqton bu sənəd vasitəsilə özünün maraqlarını təmin etməyə niyyətlənib.

Bu bölmədə göstərilir ki, “ABŞ Ermənistanı daha geniş regional nəqliyyat şəbəkələrinə və təşəbbüslərə, xüsusən də “Dünyanın kəsişməsi” layihəsinə güclü siyasi dəstək vasitəsilə inteqrasiya etməyə yönəlmiş əməkdaşlığı dərinləşdirmək niyyətindədir”. Təbii ki, ABŞ hazırki regional reallıqları tam şəkildə dərk edir - anlayır ki, bu gün bölgədə yaranan yeni strateji əməkdaşlıq blokunun əsas konturları məhz nəqliyyat dəhlizləridir. Şərq-Qərb və Cənubi-Şimal kontentləri üzrə daşımaçılıq gələcək dünyanın əsas iqtisadi damarlarına çevrilmə perspektivi yaradır. Həmin dəhlizlərə “giriş bileti” əldə etmək üçün isə hər zaman olduğu kimi Cənubi Qafqazın ən zəif və milli marağını qoruya bilməyən dövləti sayılan Ermənistan üzərindən oyun qurulur. ABŞ “əməkdaşlıq” adı altında Ermənistanın vasitəsilə bu böyük və strateji yol proyektlərinin tərəfi olmağa çalışır.

“Sos” siqnalı - təhlükənin adı “Ermənistan”dır...

Sazişin əsas bölmələrindən biri olan “ Müdafiə və Təhlükəsizlik” bölməsi də ABŞ-ın regionla bağlı arzularının və planlarının ifadəsidir. Bu səbəbdən də sənədin adıçəkilən bölməsi “Cənubi Qafqazda sülh Ermənistanda və regionda davamlı iqtisadi artımın və demokratik inkişafın açarı” kimi girişlə başlayır, ardından “Ermənistan və ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq hər iki ölkə və region üçün faydalıdır” kimi davam edir. Yəni, ABŞ məhz bu “əməkdaşlıq” sayəsində regiona daxil olacaq, özünün silahlı dəstələrinin Ermənistanda yerləşdirilməsinə hüquqi status qazandıracaq. Təsadüfi deyil ki, sənədin imzalanmasının ardından bu müddəa haqqında dövlət katibi Blinken xüsusi şərh verib. Blinken deyib ki, ABŞ gələn həftə sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək. “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”, - Blinken bildirib.

Beləliklə, dünənə qədər Aİ missiyası daxilində aparılan kəşfiyyat işlərinin mühüm hissəsi artıq ABŞ-a “həvalə edilir”. Təsadüfi deyildi ki, bu ilin yayında Azərbaycan KİV-ləri Ermənistana ABŞ-ın xüsusi hərbi dəstələrinin gətirildiyini yazmışdılar. İrəvana “eniş edən” təyyarələrdə kəşfiyyat sistemlərinin, hava radarlarının və digər qurğuların olduğu göstərilirdi. Demək ki, yanvarın 14-də imzalanan sənəd yaydan başlayan gizli sövdələşmələrin rəsmiyyətə mindirilməsidir. Həmin bölmədə yer alan “Ermənistan və ABŞ müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının əhatə dairəsinin genişləndirilməsi, gələn il ərzində ikitərəfli müdafiə məsləhətləşmələrinə təşəbbüs göstərilməsi, hərbi təlim vasitəsilə Ermənistanın silahlı qüvvələrinə dəstək verilməsi” kimi məsələlər bu müddəanın daha geniş təsbitidir. Yəni, artıq bütün region ölkələri üçün real təhülkə mövcuddur - Ermənistan bu təhlükənin sadəcə “adıdır”.

Eyni zamanda, bu həm də onu göstərir ki, ABŞ artıq regionu Aİ vasitəsilə “müşahidə etmək” istəmir. Yəni, bütün kartları ifşa edilən Aİ-nin monitorinq missiyasının “kəşfiyyat üzü” tam açılıb. ABŞ artıq bu prosesə özü nəzarət edəcək - bu isə regionla bağlı ciddi “SOS” siqnalı yaradır. Təbii ki, bu siqnal tək Azərbaycana qarşı deyil...

ABŞ-ın siyasi “dəyənəyi” - İrəvan təxribat yuvası statusu alır

Dördüncü bölmə olan “Demokratiyanın, ədalətin və inklüzivliyin gücləndirilməsi” və beşinci bölmə olan “İnsan münasibətlərinin və mədəni mübadilənin təşviqi” isə “5 aprel” razılaşmasının davamı və ya təkrarıdır. Bu bölmələr üzrə tələbə mübadiləsi, inklüzivliyin artırılması istiqamətində “birgə səylər” nəzərdə tutulur ki, əslində, bu da ABŞ-ın Ermənistan üzərindən köhnə oyunları davam etdirmək istəyindən qaynaqlanır. Başqa sözlə, vaxtilə Gürcüstanda “boy göstərən” və ayrı-ayrı ölkələrdəki beşinci kalonu maliyyələşdirən strukturların indi də Ermənistana köçürülməsi təmin olunacaq. Bu isə Ermənistanın həm də yeni təxribat yuvası olacağını deməyə əsas verir.

Rusiya gözləmə mövqeyindədir - Mirzoyan Kremlə çağırıldı...

Ermənistanın Qərbə doğru aldığı “təhlükəli yol” isə təbii olaraq region ölkələri tərəfindən etirazla qarşılanır. Düzdür, hələ ki, ayrı-ayrı dövlətlər tərəfindən açıq kontekstdə etirazlar səslənməsə də, buna işarələr var. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın həm ABŞ, həm də Aİ ilə bağlı “planları” haqda danışarkən bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü Avrasiya İqtisadi İttifaqla eyni vaxtda iştirakla bir araya sığmır. “Çünki bunlar iki fərqli azad ticarət zonası, rüsumların və tariflərin azaldılması və ya imtinası üçün iki fərqli sistemdir, onlar eyni deyil”, - o, deyib.

S. Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a səfərini də şərh edib. Bildirib ki, Ermənistanla ABŞ arasında tərəfdaşlıq sazişinin imzalanması iki ölkənin suveren qərarıdır. “Eşitdim ki, Ararat Mirzoyan Blinkenlə strateji tərəfdaşlıq sazişi imzalayıb - bu, iki dövlətin suveren qərarıdır”.

Nazir onu da vurğulayıb ki, əsas sənədin imzalanma faktı və adı deyil, bundan irəli gələnlərdir. Bundan əlavə, Rusiya XİN rəhbəri indiki mərhələdə Moskva ilə İrəvan arasında münasibətlərin asan olmadığını bildirib. O həmçinin qeyd edib ki, Ararat Mirzoyan Moskvaya “dəvət” edilib.

Əslində Rusiya anlayır ki, indiki məqamda Ermənistanın imza atdığı saziş onun “Ukrayna masa”sında da əlini zəiflədir. ABŞ artıq açıq şəkildə Rusiyanı razılığa gəlməyəcəyi təqdirdə, “Cənub cəbhəsi” ilə təhdid edə bilər...

Tehran susur - Ermənistan Tehranı qırmızı-qırmızı satır

Maraqlıdır ki, bu sazişlə bağlı rəsmi Tehran hələ də susqunluğunu qoruyur - İran etiraz bəyanatı vermir. Halbuki bu yeni təhlükənin qarşısında İranın sükuta qərq olması məntiqli sayıla bilməz. Çünki bir neçə ay öncə İran bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb edilməsinin əks-təsir verə biləcəyini deyirdi. Qeyd olunmuşdu ki, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir. Ermənistan artıq bu istiqamətdə real addımlar atmaqdadır. Ermənistan ilə ABŞ arasında imzalanan saziş amerikalı hərbçilərin Ermənistan daxilində yerləşməsinə hüquqi zəmin formalaşdırır.  Bir müddət öncə Ermənistana gətirilən kəşfiyyat cihazları isə daha çox İranın ərazisinə tərəf “boylanacaq”.

Eyni zamanda, bu amil Ermənistan ərazisindən İrana mümkün müdaxilə ehtimalını gücləndirir. Halbuki Azərbaycan heç bir zaman belə bir addıma razı olmamışdı. Ermənistan isə İranın düşmənini onun sərhədləri kənarına “gətirib”.

İran bu sazişin bağlanmasından bu və ya digər şəkildə xəbərdar olub - sazişdən cəmisi iki gün öncə İran-Ermənistan parlament dostluq qrupunun nümayəndə heyətinin İrəvana gəlişi bunu təsdiqləyir. Belə ki, İran-Ermənistan parlament dostluq qrupunun rəhbəri Ara Şavardyanın başçılıq etdiyi nümayəndə heyəti ötən bazar günü axşam İrəvana səfər edib. Rəsmi açıqlamada səfərin məqsədinin parlament və hökumət nümayəndələri ilə görüşlər, ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi kimi göstərilsə də, alt qatda İranın Ermənistanı fikrindən daşındırmağa çalışdığı bəllidir. Amma alınmadı - dünənə qədər “qırmızı xətt”lə maraqlarını qoruduğu Ermənistan bu gün qırmızı-qırmızı İranı satır...

Pərviz SADAYOĞLU

Seçilən
2
yeniazerbaycan.com

1Mənbələr