Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Qanlı yanvar-əbədi xatirə ” mövzusunda tədbir keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, tədbir iştirakçıları 20 Yanvar faciəsində və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir faciəni əks etdirən videoçarxın nümayişi ilə başlanıb.
LDU-nun “Tarix və onun tədrisi metodikası kafedrası”nın müdiri, dos. Kamal Mahmudov “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda məruzə edib. Məruzədə faciəni doğuran tarixi şərait, səbəbləri və ibrət dərsləri ətraflı təhlil olunub, 20 Yanvar faciəsinin keçmiş ittifaq rəhbərliyinin həmin illərdə ittifaq respublikalarında, o cümlədən , Azərbaycanda yürütdüyü şovinist siyasətin acı nəticəsi olduğu vurğulanıb. Bildirilib ki, M.Qorbaçov və onun əlaltılarının bütün cidd-cəhdlərinə, törətdikləri qanlı qırğına baxmayaraq Azərbaycan xalqı haqq mübarizəsindən nəinki geri çəkildi, əksinə, mübarizəni davam etdirərək, ittifaq halqasından qoparaq müstəqilliyini elan edən ilk respublikalardan oldu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Məruzədə qeyd edilib ki, Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırıb. 20 Yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 35 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.
Universitetin “Tarix və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Aslan İbrahimov “20 Yanvar və Lənkəran”, LDU TGT-nın sədri Sara İbadzadə “Azadlıq yolu: “20 Yanvar şəhidlərinin əbədi xatirəsi” mövzularında çıxış ediblər. Çıxışlarda 35 il öncə baş verən hadisələr Azərbaycanın qanla yazılmış şanlı tarixi, şərəf, qeyrət salnaməsi, qəhrəmanlıq səhifəsi kimi dəyərləndirilib, xalqın azadlıq mübarizəsində H.Əliyevin müstəsna rolu vurğulanıb. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə faciənin ibrət dərslərinin tələbələrə bütün açıqlığı ilə, faktlar və sənədlər əsasında çatdırılmasının, təbliğinin əhəmiyyəti çıxışlarda əksini tapıb.
Tədbirdə LDU tələbələrinin ifasında 20 Yanvar şəhidlərindən biri olan məktəbli Larisa Məmmədovanın xatirəsinə həsr olunmuş səhnəcik təqdim edilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.