Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-in mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı, 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd 23 mm-lik yivli zenit top mərmisi və 18 ədəd 762x54 mm-lik SVD kiçik çaplı mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.