AZ

Qan ağlayan ilmələr

Artıq 35 il olar ki, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında qorunan “Qanlı yanvar” xalçası buraya gələnləri mütləq ayaq saxlamağa sövq edir.  “Milli naxışlar şirkəti”nə aid olan bu sənət əsəri hər kəsdə kövrək duyğular yaradır. 

Tematik kompozisiyalı xalça rəssam Fəxrəddin Əliyevin eskizi əsasında yaradılıb.  Onun mərkəzində Şimali və Cənubi Azərbaycanda xalqımıza qarşı törədilən qanlı qırğınların səhnələri, fəryad edən qara örpəkli qadın, otaylı-butaylı Azərbaycanı   ortasından keçən sərhəd məftilləri, qətlə yetirilən   adamlar təsvir edilib. Xalçanın ətrafında xırda və iri medalyonların içərisində əski əlifba ilə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından beytlər, ortada “20 yanvar 1990-cı il” sözləri həkk olunub.

Xalçaya baxdıqca-baxıram və ixtiyarsız olaraq 35 il əvvəl qələmə aldığım bu misraları pıçıldayıram:

Sizi köynəyindən keçirtdi Vətən,  

Sizi dəstə-dəstə götürdü torpaq.

Sevgili qəlbiniz neçə gül açdı

Güllələr dinəndə taraqhataraq.

Al qan içərisində yerə sərilmiş şəhid obrazları sözün də əriş arğacında qəmli mənzərə yaradır:

Son dəfə göyləri gözünə çəkdi

Qocanız, qarınız körpəniz belə.

Bir dağ da ucaldı dağüstü bağda –

Bu imiş dağ üstə dağ qoymaq elə.

Onlar sanki səmaya boylanaraq, “Allah bu qanı yerdə qoymaz”, – deyirlər. 

Torpağa “can” deyib son nəfəsdə də

Əyilib öpdünüz torpağı, qardaş.

Babəkin qolları yaşıl ağacdır,

Siz – onun qırmızı yarpağı, qardaş! 

Təsvirlərin arxa planında parlayan günəş ümid və inamın itmədiyini, xoşbəxt sabahların tezliklə xalqımızı ağuşuna alacağını ehtiva edir. Təsəllimiz də elə budur ki, çox keçmədən Azərbaycanın üstünə müstəqillik günəşi doğdu. Babəkin yaşıl ağac olan qolları azadlıq şaxələri ilə boy ataraq milləti layiq olduğu məqama qədər ucaltdı. Odur ki, şəhidlərimizi həm kədərlə, həm də qürurla yad edirik.

Şəhid ruhlarına ehtiramla:

Əli NƏCƏFXANLI  
XQ

Seçilən
7
xalqqazeti.az

1Mənbələr