AZ

Ölən  əsarət  oldu, doğulansa  azadlıq!

Yenə qanlı 20 Yanvarın ildönümünü yaşayırıq. 35 il öncə baş verən faciənin kədərli ağrısı hələ də səngimir. İllər boyu həm də qürur günümüzə çevrilsə də, müstəqilliyə atılan ilk addımımız olsa da, yenidən o günü hüznlə xatırlayırıq.  Nahaq qanlara bais olanlara min lənət deyirik. O gecədən sonra nə qədər ailə başsız, könüllər sınıq, qəlblər yaralı qaldı...

Hər dəfə Şəhidlər xiyabanına ziyarətə gələndə bu hisslərlə boğulur, kövrəlirik. İlhamına özünü qurban edən Fərizənin yarıda qırılan taleyini, adları məlum olan və olmayanların “günahımız nə idi?”– sualını verəcəyini düşünə-düşünə irəliləyirik.

Məktəbli şəhidlərin – İlqarın, Nərimanın, Larisanın daşdan boylanan şəkillərinə baxırıq. Sizin günahınız nə idi? Anasına Kəlbəcər yarasından sonra bir dağ da ölümüylə vuran Mahir Quliyev, iki körpə qız balasına özünü həsrət qoyan Rasim Muxtarov, gözəl gözləri az qala dil açan Mehman Həsənov, baxışlarından cəsurluq yağan Tariyel Abdullayev, 1 dəqiqəliyə həyətə çıxan Əliyusif Qocamanov qucaq-qucaq güllərin üstündən həyat eşqi ilə bizə baxırlar. Və adları yazılmayan, heç illər sonra da bilinməyən naməlum şəhidlərin məzarları da gül-çiçəyə bürünüb. Sizi ziyarətə gələn kimdir, nəyinizdir? Həmkarınızmı, dostunuzmu, sizdən sonra doğulanlarmı?– Elə hamısı.

Onlarla xəyali söhbətə başlayırıq. Ey naməlum qəbirdə yatan, sən kimsən? O gecə küçədə nə işin vardı? Heç səni “evə gəl, şəhərə tanklar girir” – deyə çağıran oldumu? Bəs ertəsi gün oğul, qardaş deyə xəstəxanalarda soraqlayan vardımı? Səni o gecə küçəyə çəkən nə idi? Maraqmı, baş verənləri görmək istəyimi?

Düşünürük ki, səni ora çəkən hələ özünün də dərk etmədiyin kişilik, mənəmlik, mən də varamlıq cəsarəti idi. Neçə gündən, aydan bəri qarışıqlıq yaşayan şəhərin başı üstünü almış qara buludların göz yaşları idi. Ertədən xəbər gəzirdi axı, “ordu gəlir, özü də tanklarla”. Gələnlər təlim görmüş başkəsənlər idilər. Kimi harda haqladılar, gülləyə tutdular, tankları üstlərindən sürdülər. İçərilərindəki saqqallı ermənilər isə lap quduzlaşmışdılar.

Sən əliyalın neyləyə bilərdin?.. Gücün nəyə çatırdı? Əl-ələ verib tankın qarşısını kəsməyə, eləmi? Güman edirdiniz ki, “qardaşlar” dayanacaq, şəhərə girməyəcəklər, üstünüzə irəliləməyəcəklər. Qürurunuz sizi geri çəkilməyə qoymadı. Bir-birinizə baxıb cəsarətlənmişdiniz. İçinizdəki Azadlıq, Müstəqillik, Vətən sevgisi hər şeyi unutdurmuşdu. 

“Azadlıq!”– deyə hayqıran gənclərin səsini kim eşidəcəkdi? Əfsuslar ki, düşündüyünüz kimi olmadı, tanklar dayanmadı. Və gücünüz qan verməyə, can fəda etməyə çatdı. Bundan əvvəl Gürcüstanda–Tbilisidə, Litvada–Vilnüsdə olanları unutmuşdunuzmu? Bimirdinizmi ki, mənfur sovet rejimi müstəqillik arzulayanların istəyini elə beşiyindəcə boğur.

...O gecə atəş səslərindən qulaq tutulurdu. Güllələr səmada şütüyürdü, səs-küydən ağız deyəni qulaq eşitmirdi. “Ay oğul, ay bala” harayları gecəni qoynuna almışdı. Maşınların siqnal səsi, insanların ah-
ufu, “ay ana” kəlmələri göyə yüksəlmişdi. Həmin gecə küçələr qanla yuyuldu, insan bədənindən döşənəcək əmələ gəldi, gödəkcələr, paltolar, papaqlar, nə qədər ağır olsa da, insanlar da tankların altında qaldı. 

... Tanınmaz hala düşən şəhər səhəri dirigözlü açdı. Bu insanlar haradan vaxt tapıb asfaltın qana boyanan yerlərini qərənfillərlə dəfn eləmişdilər? Şəhərin mikrorayon tərəfdən girişi güllərlə haləyə alınmışdı. Qadınlar ağı deyirdilər. Heç bilmirdilər tökülən qan kimin, verilən can kimindir. Bildikləri o idi ki, onlar Vətən oğullarıdır, azadlıq uğrunda canlarından keçənlərdir. 

Xəstəxanaların həyəti insanlarla dolu idi. Kimin balası, atası, qardaşı, nişanlısı, həyat yoldaşı gecə evə gəlməmişdisə, onu arayırdı. Gecə növbəsini bitirən həkimlər, tibb bacıları evə getməyə tələsmirdi. Yaralılar çox idi, davamlı gətirirdilər, palatalarda yer olmadığından dəhlizlərdə stulları birləşdirib çarpayı əvəzinə istifadə edirdilər. Hər yerdən qan qoxusu gəlirdi. Həkimlərin əlac edə bilmədiklərini “Semaşko”ya–morqa göndərirdilər.  

Aləm bir-birinə dəymişdi. Xəstəxananın bütün tibb personalı səhərəcən mərtəbə aşağı, mərtəbə yuxarı vurnuxmuşdu. Yüngül yaralıları tibb bacılarının öhdəsinə buraxmışdılar. Hər yaralı ilə vaxt itirmək olmazdı.  Qanaxmadan, huşlarını, hətta, həmin andaca həyatını itirənlər vardı. Ağ xalatlar qan rənginə boyanmışdı. 

Faciənin baş verdiyi yerə yaxın olan Respublika Klinik Xəstəxanasında həmin günlərin şahidi, ortopediya və travmatologiya şöbəsinin baş tibb bacısı Gülnaz Mehdiyevanın söhbəti o gecəni gözümüz önündə canlandırır:

– Xalqımız üçün ağır olan o günlər getsin, bir də dönməsin. Bugünkü müstəqilliyimizin ilk savaşından üzüağ çıxan oğullarımız baş tacımızdır. Xəstəxanada 20 Yanvar faciəsinin şahidlərindən indi az adam qalıb. “O gecəni necə xatırlayıram”,– deyə soruşursunuz? – Çox ağrılı... Evimiz 9-cu mikrorayonda idi. Atəş səsləri gecənin sükutunu pozanda artıq bildik ki, şəhərə yeridilən qoşun etiraz məqsədilə tankların qabağına çıxanları atəşə tutub. Səhər obaşdan qardaşıma dedim ki, məni xəstəxanaya çatdır. Yol boyu gördüm ki, “Şamaxinka” adlanan ərazi, 20 Yanvar dairəsi qan içindədir. 

İşə çatanda məni vahimə bürüdü. Qızlar, qadınlar, bir-birinə qarışmışdı. Hamısının üst-başı qan içində yaralı daşıyırdı. Tibb bacıları Südabənin, Lalənin və digər kiçik tibb işçilərinin necə böyük canfəşanlıqla, ağlaya-ağlaya yaralı daşıdıqları hələ də gözümün önündədir. Ağacların dibində, künc-bucaqda yaralanıb qalanları Südabə göz yaşları içində, “sizə bu uşaqlar neyləmişdilər, ay cəlladlar” – deyə-deyə çiynində gətirirdi. 

Xəstəxanada işıq yox idi. Lampa, şam işığında əməliyyatlar aparırdılar. Hemotoloqlar, cərrahlar, ortopedlər, bir sözlə, bütün həkimlər səfərbər olunmuşdu. 5 mərtəbənin hamısındakı əməliyyat otaqları yaralı ilə dolmuşdu. Bir xəstənin əməliyyatı bitirdi, çıxarıb növbəti xəstəni içəri salırdılar. Dəhlizlərdə yaralı əlindən tərpənmək mümkün deyildi. İşıq olmadığından, kimin daha çox qan itirdiyini seçmək belə olmurdu. 

Həmin gecə bacımın həyat yoldaşı Fərahim Mahmudovu da qolun bazu sümüyünün güllə yarası ilə xəstəxanaya gətirmişdilər. Bütün üst-başı qan içində idi. Həkimlər rentgenə ehtiyac duymadan onu da lampa işığında əməliyyat etdilər, qoluna şvift qoydular. Çünki sümük çox zədə aldığından mil sınıqları saxlaya bilməzdi. O, ömrünün sonunadək həmin şviftlə gəzdi. 

Biz o günlərdə nələr görmədik... “Zaporojets”in üstündən keçən tank maşını tamamilə əzmişdi. Təsəvvür edin ki, içəridə Nazim Ələkbərov adlı sürücü qol-qıçındakı sınıqları, əzikləri nəzərə almasaq, sağ qalmışdı. Nə kəllə-beyin travması vardı, nə daxili qanaxması olmuşdu. Deməli, onun qismətində hələ yaşamaq varmış. Bilirəm ki, Nazim Ələkbərov o günlərin acı xatirəsi olaraq, həmin maşını olduğu kimi indiyədək həyətində saxlayır.

O vaxt ortopediya və travmatologiya şöbəsinin müdiri vardı, Şofiq Əhmədov. O, digər həmkarları ilə əsil qəhrəmanlıq nümunəsi göstərdilər. Natiq Əliyev, Natiq Əhmədov, Həsən Abdullayev yorulmaq bilmədən, həmin gecə və sonrakı günlərdə istirahətsiz xəstələrin qulluğunda durdular. Qeyd edim ki, Natiq Əliyev həm də 1-ci Qarabağ müharibəsinin veteranıdır. Həmin müharibədə ayağından zədə alıb. Hemotoloq Fuad Əfəndiyev gecə-gündüz cərrahlarımızla birgə yaralılara yardım etdi. 

O vaxtdan 35 il keçib. Həmin həkimlər indi işləmir, soyadlarını unutmuşam. Amma o günlər bütün xəstəxanada çalışanların bir amalı vardı: yaralılara lazımınca xidmət göstərmək. Vətənin müstəqilliyi uğrunda qanlarından keçənlərə bu, bizim vətəndaşlıq borcumuz idi, həm də peşəmiz bunu tələb edirdi. 

O müdhiş gecəni qəlb ağrısı ilə xatırlayan Gülnaz xanım deyir ki, yardım və əməliyyat edilənlərdən dünyasını dəyişən olmasa da, ayağı, qolu amputasiya edilənlər vardı. O, həmin günlərdə şəhərdə gəzməyin də təhlükəli olduğunu xatırlayır: 

– “Şamaxinka”dan yaralıları maşınla gətirirdilər. Qubalı Əfqan vardı. Deyirdi ki, maşınla gəlirdik. Hər tərəfin qan olduğunu gördüm. Qapını açıb maşından yerə düşəndə atəş açdılar. Güllə onun sağ budunu parçalamışdı. Xəstəxanaya gətirilən yaralılardan kimsə həyatını itirmədi. İlk tibbi yardım göstərilənlər də vardı. Yüngül yaralananlar yer çatmazlığı səbəbindən yardım göstəriləndən sonra evlərinə gedirdilər.

 Bir gün sonra xəstəxanaya generator qoydular. Şöbəmiz 70 nəfərlik idi, amma biz ora 150 yaralı yerləşdirmişdik. Dəhlizə adyalları, döşəkləri yerə atıb xəstələri ora uzadırdıq. Həmin gecə yaralılardan xəbər tutan yaxınları xəstəxanaya axışmışdı. Qışqırtı, ah-nalə, ağlaşma səsləri yadıma düşəndə əhvalım dəyişir. 5 sutka ev üzü görmədim, yuxu bilmədim, burada qaldım. 

Bəli, həmin gecə dərd hamını birləşdirmişdi. O gecə Azərbaycan xalqının son əsarət gecəsi oldu. O gecə tariximizə şərəf səhifəsi kimi həkk olundu, xalq qürurunun tapdanmasına, millət olaraq istismar olunmasına, köləliyə qarşı üsyana qalxdı. Millət birliyini, yekdilliyini, Vətənə sevgi və sədaqətini, lazım gələrsə, Vətən üçün qandan-candan keçməyə hazır olduğunu sübut etdi. 

20 Yanvar qan yaddaşımızdır, fəxarət yerimizdir. Millətimizin əsarət boyunduruğunu sındırdığı, yekdil olaraq güclü rejimə qalib gələ biləcəyinə inandığı gündür. Həmin gecə küçələrə axıdılan qan günlərlə töküldüyü yerdə qaldı... Üstü qərənfillərlə bəzəndi, hər gün o güllər təzələndi.

O gecənin qurbanları təkcə tank qabağına çıxan siz deyildiniz ki. Gələn quduzlar elə təlimatlandırılmışdılar ki, küçədə, balkonda, həyətdə gəzənlərə də atəş açırdılar. Gözlərinə görünəni gülləyə tuturdular. Niyə? Nə üçün? Millətin günahı nə idi? Bu suallar hamını düşündürürdü. 

AMEA-nın həqiqi üzvü, Rusiya EA-nın müxbir üzvü, tibb elmləri doktoru, rəhmətlik professor Adilə Namazova danışırdı:

 – Fevral ayında SSRİ Ali Sovetinin sessiyasında Azərbaycandan olan qadın deputatlarımız qara örpəkdə, kişilər qara kostyumda  bir cərgədə oturmuşduq.  M.Qorbaçov gözünü bizdən çəkmirdi. İclasdan sonra ona yaxınlaşıb əsəbi halda dedim ki, bizi qəbul etsin. Mən, Anar və Midhət Abbasov sovet diktatoru ilə görüşdük. Özümlə bir torba teleqram aparmışdım.  Dedim ki, “azərbaycanlıların başına bu nə oyundur, gətirmisiniz? Onları niyə qırdırmısınız? Deyirsiniz ki, azərbaycanlılar rusların əleyhinə çıxıb, ayağa qalxıblar. Biz sizin deputatlarıq. Elə bir məlumat almışdınızsa, bizi çağıraydınız, danışdıraydınız, məsləhətləşəydiniz. Axı dedikləriniz həqiqət deyil. 

Siz rusları da qırdırmısınız. Bessantinin nəvəsi Vera Lvovna gecə su içməyə qalxanda mətbəxdə güllələnib. Larisa Mamedova dərsdən qayıdanda. O qızın anası rusdur, oxuduğu məktəbin dərs hissə müdiri rusdur, baxın bu teleqramlarda Azərbaycan haqqında nələr deyirlər? Məlumatı onlardan toplayaydınız. Martın əvvəllərində şəhidlərin 40 mərasimidir. Adətimizə görə 40 mərasimi ölən günə bərabər tutulur və qeyd edilir. O vaxta qədər göstəriş verin, rus əsgərləri Bakıdan çıxsın. Yoxsa, əzizləri həlak olanlar onları lənətləyəcək, yeni çaxnaşma düşəcək. Mərkəzi televiziya vasitəsilə Azərbaycan xalqına başsağlığı verin. Yoxsa onlar sakitləşməyəcəklər”.

Şəhidlər xiyabanının əbədi sakinləri, deməyi unutduğum vacib məqam var. Siz heç bilmədiniz ki, hadisənin ertəsi günü dəhşətli faciəyə etiraz olaraq xalqımızın ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, hadisəyə düzgün və operativ qiymət verən ilk vətənpərvər lider oldu. Ulu öndər Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında  ittiham etdi.  Bu ittiham xalqda gələcəyə, azadlığa, müstəqilliyə bir inam yaratdı. O gecə ölən əsarət oldu, doğulansa azadlıq! 

O müdhiş gecəni yaşayanlar, cinayətə şahidlik edənlər, bir gecədə neçə il qocalanlar... Biz onları gördük, çiyin-çiyinə addımladıq, onlarla yaşadıq, yaşlandıq. 35 il bir ömürdür. Amma siz qəhrəmanları, azadlıq qaranquşlarını unutmadıq. Siz canını, qanını azadlıq yolunda tərəddüdsüz, könüllü verən mücahidsiniz. Sizi unutmaq mümkünsüzdür. Düşüncələrimin sonunda üzümü hər birinizə tutaraq deyirəm:

Siz ölümünüzlə ölümü şərəfləndirdiniz!

Siz qürur mənbəyimiz, and yerimiz oldunuz!

 Siz Vətən yolunda qurban getməyin ölməz timsalısınız!

Siz Azərbaycan tarixinin şanlı səhifələrinə adlarını qanla yazmış Vətən övladlarısınız!

Zərifə BƏŞİRQIZI 
XQ

 

Seçilən
12
xalqqazeti.az

1Mənbələr