Ömrünü Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda əlyazma irsimizin, yazılı abidələrimizin tədqiqinə həsr edən filologiya elmləri doktoru, professor Kamandar Kazım oğlu Şərifov (Kamandar Şərifli) 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirib.
1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində, 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil alıb. 1984-cü il “Əbdülqəni Nuxəvi Xalisəqarızadə və onun ədəbi-mətnşünaslıq fəaliyyəti” mövzusunda namizədlik, 2006-cı ildə "Azərbaycan mətnşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Onun tədqiqat işləri arasında ədəbiyyatşünaslığımızda öyrənilməmiş klassik mətnlərin, mətnşünaslıq elminin nəzəri problemlərinin araşdırılması mühüm yer tutur. Professor Kamandar Şərifli yalnız Azərbaycanda deyil, dünya şərqşünaslığında ilk dəfə olaraq Əlyazmalar İnstitutunda, Yaxın və Orta Şərq ölkələrinin kitabxana və muzeylərində saxlanılan orta əsr türkdilli, farsdilli və ərəbdilli yazılı abidələr əsasında Azərbaycan mətnşünaslığının nəzəri problemlərini araşdırıb.
"Mətnşünaslıq” (2001), "Mətnşünaslığın əsasları” (2003), "Əbdülqəni Nuxəvi Xalisəqarızadə” (2001), "Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı” (1996), "Alim, pedaqoq və kitabşünas” (2007), "Azərbaycan əlyazma kitabı və kitabxanaları” (2009), “Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu” 2 cilddə (2010, 2023), “Mətnşünaslığın nəzəri əsasları” (2011) və s. kimi monoqrafiyaların, təqdiqat əsərlərinin müəllifidir. Alimin 2019-cu ildə elmi əsərlərindən ibarət dörd cildliyi nəşr olunub.
Professor Kamandar Şərifli Əlyazmalar İnstitutunda saxlanılan ərəbdilli əlyazmalar kataloqunun I (1984; 2008), II (2000), III (2007) və IV (2019) cildlərinin müəlliflərindən olmaqla bərabər II, III və IV cildlərin tərtibçi və redaktorudur.
Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il-ci tarixli sərəncamına əsasən “Tərəqqi” medalı və AMEA-nın fəxri fərmanı ilə mükafatlandırılıb.
Milli Kitabxanada professor Kamandar Şəriflinin 85 illik yubileyi münasibətilə “Professor Kamandar Şərifli” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə alimin elmi fəaliyyəti sayəsində işıq üzü görmüş əsərləri, tərtibçisi olduğu və translitirasiya etdiyi kitablar, tərcümələri, ön söz yazdığı, redaktoru olduğu və rəy verdiyi əsərlər, elmi fəaliyyəti və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.