Samux rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev KİV-ə açıqlamasında bildirib ki, hadisə bu gün saat 7:45-də Samux-Kür avtomobil yolunun 1-ci kilometrliyində baş verib.
Onun sözlərinə görə, Samux rayon sakini Məhərrəm İsmayılov idarə etdiyi 90-BJ-145 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobillə əkin sahəsindən, yəni torpaq yoldan çıxan arabanı vurub. Hadisə nəticəsində arabanı sürən şəxs - Samux rayon Sərkər kənd sakini, 1953-cü il təvəllüdlü Elmay Məmməd oğlu Əsgərov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Hadisəni törədən "Volkswagen Golf" markalı avtomobilin sürücüsü Məhərrəm İsmayılovun "Vətənpərvərlər" İctimai Birliyinin sədri olduğu bildirilir.