AZ

Azərbaycan və Gürcüstan: Strateji Əməkdaşlığın Yeni Zirvəsi

Azərbaycan və Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətləri zamanla dərinləşərək, regionun sabitliyində və inkişafında mühüm rol oynamaqdadır. 17 yanvar 2025-ci ildə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri bu əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisədir.
Səfər çərçivəsində siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində yeni əməkdaşlıq imkanları müzakirə edildi.
Baş nazir İrakli Kobaxidzenin səfəri çərçivəsində Bakıda Azərbaycan ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirildi. İclasın yekununda dörd mühüm sənəd – iqtisadi əməkdaşlıq üzrə protokol, Xarici İşlər Nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıq memorandumu, dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında memorandum, ekologiya sahəsində niyyət protokolu – imzalandı.
Bu sənədlər gələcəkdə iki ölkə arasında əməkdaşlıq istiqamətlərinin daha da genişlənəcəyindən xəbər verir.
Azərbaycan Gürcüstan iqtisadiyyatına indiyədək 3,6 milyard dollar sərmayə yatırıb. Bu isə ölkələr arasındakı iqtisadi əlaqələrin yüksək səviyyəsini əks etdirir. Azərbaycan öz təbii qazını Gürcüstan tranziti vasitəsilə 11 ölkəyə ixrac etməkdədir. Keçən il bu ixracın həcmi 25 milyard kubmetrə çatmış, bunun 10 faizi Gürcüstanın payına düşmüşdür.
Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryolu kimi meqa layihələr, regionda enerji təhlükəsizliyi və nəqliyyat sahələrində strateji körpü rolunu oynamaqdadır. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars isə Şərqlə Qərb arasında sürətli və etibarlı nəqliyyat bağlantısı yaradır.
Bu layihələr sayəsində Azərbaycan və Gürcüstan yalnız regionda deyil, həm də beynəlxalq səviyyədə mühüm tərəfdaşlar kimi çıxış edir. Orta Dəhliz layihəsi də iki ölkənin Avropa ilə Asiya arasında logistika və nəqliyyat sahəsindəki vacib rolunu təsdiqləyir.
Azərbaycan və Gürcüstan eyni zamanda parlamentlərarası işçi qrupları vasitəsilə siyasi və mədəni əlaqələri gücləndirir. Bu əməkdaşlıq yalnız iki ölkə arasında deyil, həm də regionun ümumi inkişafına xidmət edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qəbul edərkən, mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfərlərin əhəmiyyətini vurğuladı. Baş nazir Kobaxidze də bu əməkdaşlığın yeni perspektivlər açacağını qeyd etdi.
Gürcüstan Baş nazirinin səfəri, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini bir daha göstərir. Bu əməkdaşlıq, yalnız regionun deyil, Avropa və Asiyanın da strateji maraqlarına xidmət edir.
Azərbaycanın və Gürcüstanın birlikdə həyata keçirdiyi layihələr, iki ölkənin qlobal enerji və nəqliyyat xəritəsindəki əhəmiyyətini daha da artırmağa davam edəcəkdir.
 Jalə Əliyeva
Milli Məclisin deputatı
Seçilən
17
27
xalq.az

10Mənbələr