Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Arena.az məlumat verir ki, görüşdən sonra İnfantio Trampla şəkil çəkdirib və görüş barədə təəssüratını özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb:
“ABŞ prezidenti Donald Trampın qarşıdan gələn andiçmə mərasimi öncəsi, Florida ştatındakı Mar-a-Laqoda (Trampın şəxsi iqamətgahı – redaktorun qeydi) onunla görüşmək mənim üçün şərəf idi. Biz bu yay keçiriləcək FIFA Klub Dünya Kubokunu və 2026-cı il FIFA Dünya Kubokunu – ABŞ-ın əsas rol oynayacağı iki həqiqətən dünyəvi yarşı müzakirə etdik.
Cənab Prezident, vaxt ayırdığınız və yaxın aylarda FIFA-ya verəcəyiniz dəstəyə görə təşəkkür edirəm. Amerika dünyanın hər yerindən gələn qonaqlara şaddır, futbol isə bütün dünyanı birləşdirir!”, – İnfantino paylaşıb.
Xatırladaq ki, yayda ABŞ 32 klubun iştirakı ilə FIFA Klub Dünya Kubokunu qəbul edəcək.
2026-cı ildə futbol üzrə dünya çempionatı isə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq.