Ədalət Partiyası 20 yanvar faciəsinin növbəti il dönümü münasibəti ilə bəyanat yayıb.
AzNews.az həmin bəyanatı təqdim edir:
"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına əsasən xalqın istiqlal səsini boğmaq üçün guya kütləvi ixtişaşların qarşısının alınması məqsədilə Bakıya qoşun yeridildi. Paytaxt Bakıda dinc etirazçılara və mülki əhaliyə qarşı amansızcasına divan tutuldu. İnsanlar paytaxtın küçələrində hərəkət edən zirehli texnikaların tırtılları altında əzildi və gülləbaran edildi. Etiraz dalğasına əsas səbəb isə ilk növbədə SSRİ -nin əsas siyasi rəhbərliyinin Cənubi Qafqazda diskriminasiya xarakterli siyasət yürütməsi idi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə havadarlıq edən keçmiş SSRİ rəhbərliyi bir çox xalqların , o cümlədən azərbaycan xalqının bu ittifaqa olan etimadını sarsıtmışdı.
Hələ 1979-cu ildə Erməni daşnaqsütun partiyasının Afinada keçirdiyi qurultayında böyük ermənistan ideyasının reallaşdırılması məqsədilə müzakirəyə çıxardığı layihədə ekspansiya fəaliyyətinə Gürcütanın Cavaxetiya bölgəsindən və ya Dağlıq Qarabağdan başlanması məsələsi qoyulmuşdu. Yalnız bir səs çoxluğu ilə işğala Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən başlanması barədə qərar qəbul olundu. Qərarın həyata keçirilməsinə sonradan SSRİ-nin siyası rəhbərliyinin havadarlıq etməsi Azərbaycan xalqını hiddətləndirmişdi. Bu əsl xəyanət idi.Şübhəsiz ki, dövlət müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini tələb edən xalqın haqq səsini və milli ləyaqət hissini boğmaq cəhdi heç bir siyasi nəticə verə bilməzdi. Xalq artıq 1921-ci ildən başlayaraq zaman-zaman ərazilərimizi Ermənistana hədiyyə edən SSRİ ittifaqında mövcudluğunun davam etdirilməsini istəmirdi. Çünki SSRİ- siyasi rəhbərliyinin bir terror partiyasının məkirli etnik təmizləmə və işğal siyasətinin tələblərinə uyğun qərarlar qəbul etməsi onun siyasi mahiyyətini gizlədə bilməzdi . Artıq siyasi quruluşun boz rəngli tarixə qovuşması üçün sosial sifariş var idi. İstiqlaliyyətin çağdaş tarixi salnaməsini yazan qanlı yanvar faciyəsi imperiya siyasətinin iyrənc simasını ifşa etdi. Faciə nəticəsində paytaxt Bakıda 82 nəfər həlak oldu, 21 nəfər yaralandı, fövqəladə vəziyyət elan olunduqdan sonra daha 21 nəfər şəhid oldu, yanvarın 25-də isə Nefçalada və Lənkəranda 8 nəfər qətlə yetirildi. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin ! Bu gün istiqlal şəhidlərimizin əziz xatirəsi müstəqil Azərbaycan xalqının milli qurur və and yeridir.