Təl-Əviv və HƏMAS arasında atəşkəs və əsir mübadiləsinin əldə edilməsindən sonra 7 oktyabr 2023-cü ildən bəri ilk dəfə Qəzzalılar bir gecəni İsrail ordusunun hücumu olmadan keçirdi və bomba səsləri olmadan oyandılar.
Turkustan.az xəbər verir ki, İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşması dünən yerli vaxtla saat 11.15-də qüvvəyə minib.
Atəşkəsdən sonra yardım maşınları Qəzzaya girməyə başlayıb.
Atəşkəsin qüvvəyə minməsi ilə İsrail ordusunun Qəzza zolağına 471 gündür hücumları dayanıb. Qəzzalılar 15 aydan çox müddətdə ilk dəfə olaraq bir gecəni bomba və partlayış səsləri olmadan keçirə bildilər.
Qəzzada yaşayan fələstinlilər İsrailin hücumu olmadan keçirdikləri ilk gecəni sosial media hesablarında paylaşıblar.
Yusuf Həməda adlı qəzzalı sosial media hesabında "Qəzzəli uşaqların qorxusuz və bombardmansız yatdıqları ilk gecə. Allaha şükürlər olsun" yazıb.
İsrailin hücumları nəticəsində Qəzzada təxminən 17 min 841-i uşaq, 12 min 298-i qadın olmaqla 46 min 913 fələstinli həyatını itirib.
Həyatını itirən fələstinlilər dəfn edilməzdən əvvəl xəstəxana morqlarında saxlanılıb. İsrailin hücumları başladığı 7 oktyabrdan bəri Qəzzada minlərlə insan bu morqların qarşısında ölən yaxınlarının yasını tutmuşdu.
Bu gun ilk dəfə onlar qohumlarını itirməyib və xəstəxana, morqların qarşısında gözləməli olmayıblar.
Jurnalist Ebubekir Abid Qəzzanın mərkəzi hissəsində yerləşən Aksa xəstəxanasının morqunun qarşısında lentə aldığı görüntünü sosial media hesabında paylaşıb.
Abid, Aksa xəstəxanasının meyitxanasının bağlı olduğunu ifadə edərək, "Bu xəstəxananın meyitxanası oktyabrın 7-dən bəri ilk dəfə bağlanıb. Göz yaşlarım axdı. Artıq can itkisi, səfalət, cəsəd və qan sıçrayan görüntülər, bu dəhşətli səhnələr yoxdur”-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az