Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı A.Alıyev, rayonun rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, eləcə də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Füzuli rayon filialının üzvləri iştirak etdilər.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra çıxış edən A.Alıyev “20 Yanvar” faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədə mühüm bir dönüm nöqtəsi olduğunu vurğuladı. O qeyd etdi ki, “20 Yanvar” şəhidlərinin qanı xalqımızın azadlıq və müstəqillik yolunda əzmkarlığının, milli iradəsinin simvoludur.
Tədbirdə çıxış edənlər “20 Yanvar” hadisələrinin xalqımızın tarixi yaddaşında silinməz izlər buraxdığını, şəhidlərin qəhrəmanlığının gələcək nəsillər üçün bir örnək olduğunu ifadə etdilər. Şəhid ailələrinin nümayəndələri isə çıxış edərək, göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildirdilər.
Anım tədbiri iştirakçıların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə davam etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyularaq ruhlarına dualar oxundu.
“20 Yanvar” hadisəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olaraq tarixə düşmüşdür. Bu faciə nəticəsində onlarla insan öz canını fəda edərək, azadlığın qiymətini qanları ilə yazmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!