ABŞ-nin yeni Prezidenti Donald Trampın maaşı və əldə edəcəyi imtiyazlar məlum olub.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Kamala Harrisi geridə qoyaraq ABŞ-nin 47-ci prezidenti seçilən Trampın illik 400 min dollar maaş alacağı açıqlanıb.
Məlumata görə, bununla yanaşı ABŞ prezidentinin rəsmi xərcləri üçün əlavə olaraq illik 50 min dollar ayrılır. Həmçinin yeni seçilmiş prezident Ağ Evdə şəxsi seçimlərinə uyğun dəyişikliklər etmək üçün 100 min dollar dəyərində birdəfəlik vəsait də alır. Bundan əlavə, prezident üçün səfər xərcləri üçün 100 min dollar, əyləncə xərcləri üçün isə 19 min dollar büdcə nəzərdə tutulur.
Qeyd olunur ki, ABŞ-də inflyasiya və vəzifə öhdəliklərinin artması səbəbilə prezidentlərin maaşında da artımlar olub. Məsələn, ABŞ liderlərinin illər üzrə maaşı aşağıdakı formada olub:
- 1873 - 50 min dollar;
- 1909 - 75 min dollar;
- 1949 - 100 min dollar;
- 1969 - 200 min dollar;
- 2001 - 400 min dollar.