AZ

Bazar günü and içilmir

20 yanvar seçilmiş ABŞ prezidentlərinin və vitse-prezidentlərinin and içərək səlahiyyətlərinin icrasına başladığı gündür.

Amma həmişə belə olmayıb. Birinci prezident Corc Vaşinqtonun inauqurasiya mərasimi 1789-cu il aprelin 30-da keçirilib. Elə həmin il qəbul edilən qanuna görə, andiçmə mərasiminin günü kimi 4 mart təyin olunub.

Prezident seçkilərinin noyabrda keçirildiyini nəzərə alsaq, 4 aylıq keçid dövrü olurdu ki, bu da həddən artıq çox idi. ABŞ-da postunu tərk edən prezidentlə bağlı “lame duck” (“axsaq ördək”) termini işlənir. Bu da onunla bağlıdır ki, səlahiyyətlərinin bitəcəyi məlum olan siyasətçinin nüfuzu az olur. Beləcə, ölkəni 4 ay “axsaq ördək” idarə edirdi.

Bu açıq çatışmazlığa baxmayaraq, inauqurasiya günü 140 il boyu dəyişmədi. 1793-1833-cü illərdə bütün andiçmə mərasimləri 4 martda keçirildi. Yalnız 1821, 1849, 1877, 1917-ci illər istisna oldu, çünki bazar gününə düşürdü, buna görə də növbəti gün, martın 5-də keçirildi. Bir də, təbii, prezident öldüyü halda vitse-prezident elə həmin gün and içib prezident kimi fəaliyyətə başlayırdı. Amma bu zaman xüsusi mərasim keçirilmirdi. Məsələn, Con Kennedinin ölümündən sonra Lindon Conson Dallasdan Vaşinqtona uçan təyyarədə and içdi.

Keçid dövrünün çox olması bəzən ciddi problem yaradırdı. Məsələn, Avraam Linkoln 1860-cı ilin noyabrında prezident seçkilərində qalib gələndən sonra 7 quldar ştat ABŞ-dan ayrıldığını bildirdi. Linkoln isə bununla mübarizə aparmaq üçün 4 ay gözləməli oldu.

1916-cı il seçkiləri öncəsi prezident Vudro Vilson keçid dövrünü qısaltmaq üçün orijinal üsul fikirləşmişdi. Seçkilərdəki rəqibi Çarlz Evans Hyuz qalib gələcəyi halda onu dövlət katibi təyin edəcəkdi. Bundan sonra isə həm özü, həm də vitse-prezident Tomas Marşall istefa verəcəkdi. 1886-cı ildə qəbul edilən Varislik qanununa görə, belə halda prezident səlahiyyətləri dövlət katibinə keçirdi. Amma seçkilərdə Vilson qalib gəldi və bu yola ehtiyac qalmadı.

1932-ci il martın 2-də Konqres konstitusiyaya 20-ci dəyişikliyi təklif etdi. Təklif “axsaq ördək” dövrünün ayyarım qısaldılmasını nəzərdə tuturdu: inauqurasiya günü marın 4-dən yanvarın 20-nə keçirilirdi. Konstitusiyaya görə, dəyişikliyin qüvvəyə minməsi üçün ştatların 3/4-nün qanunverici orqanı onu bəyənməlidir. O zaman ABŞ-da 48 ştat var idi. 36 ştatın bəyənməsi ilə dəyişiklik 1933-cü il yanvarın 23-də qüvvəyə mindi. Digər 12 ştat sonrakı müddətdə bəyəndi. Heç bir ştat əleyhinə çıxmadı.

1932-ci il seçkilərində qalib gəlmiş Franklin Ruzvelt və Con Qarner 1933-cü ildə sonuncu dəfə martın 4-də, dörd il sonra isə ilk dəfə yanvarın 20-də and içdilər. Bundan sonra inauqurasiya yanvarın 20-də keçirilir. Yalnız həmin günün bazara düşdüyü 1957, 1985 və 2013-cü illər istisna olmaqla. Belə hallarda prezident və vitse-prezident dar çərçivədə and içib səlahiyyətlərinin icrasına başlayırlar, mərasim isə ertəsi gün keçirilir.

Bu gün and içəcək Donald Tramp ABŞ tarixində fasilə ilə iki dəfə prezident olacaq ikinci şəxsdir. 1884-ci ildə ilk dəfə prezident seçilən Qrevor Klivlend 4 il sonrakı seçkilərdə Benjamin Harrisona uduzdu. Amma 1892-ci ildə revanş götürərək ikinci dəfə prezident seçildi. Dalbadal prezident olan şəxslərdən fərqli olaraq, belə hallarda həmin şəxs prezidentlik nömrələnməsində iki nömrə daşıyır. Klivlend ABŞ-ın 22-ci və 24-cü prezidenti sayılır. Tramp da 45-ci və 47-ci prezident olacaq.

Seçilən
17
46
vaxt.az

10Mənbələr