AZ

Rumıniyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanın Rumıniyadakı Səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

“Report” xəbər verir ki, ilk öncə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin əməkdaşları Qanlı Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz rolu olan Ulu Öndər Heydər Əliyevin Buxarestin “Tey” parkında yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Sonra səfirlikdə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Rumıniyada yaşayan, təhsil alan soydaşlarımız, o cümlədən Azərbaycan diasporunun nümayəndələri yaxından iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvar Şəhidlərinin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış sözü ilə açan səfir Qüdsi Osmanov nitqində ötən əsrin 80-90-cı illərinin tarixi xronikasına nəzər salaraq, Azərbaycan xalqının məruz qaldığı qərəzli, seçici münasibətə etiraz əlaməti olaraq iradəsini ortaya qoyması, törədilən bu qanlı cinayətlərə boyun əyməməsi və əsl birlik nümayiş etdirməsi nəticəsində suverenliyinə, müstəqilliyinə qovuşduğunu söyləyib.

20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması yolunda Ümummilli Lider Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışan diplomat 44 günlük Vətən müharibəsində xalqımızın Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbənin, məhz əsası tariximizin qanlı səhifələrinin qazandırdığı qırılmaz iradəmizin nəticəsi olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırladığı “Qanlı Yanvar – şahid sənədlər” adlı sənədli film nümayiş olunub. Həmçinin səfirlikdə Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi, qonaqlar üçün ehsan süfrəsi təşkil edilib.



Seçilən
25
50
report.az

10Mənbələr