AZ

QHT-nin təşkilatçılığı ilə "Dostluq Körpüsü" adlı tədbir keçirilib - FOTOLAR

"İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin təşkilatçılığı ilə İstedadlı gənclərin birliyini möhkəmləndirmək və dostluq əlaqələrini inkişaf etdirmək məqsədilə təşkil olunan "Dostluq Körpüsü" adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərimizin və Təyyarə qəzasında həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin sədri Vüsalə Qələndərli ( Sadıqova)  tədbir iştirakçılarını salamladı. O, çıxışında birliyin və tədbirin əsas məqsədinin istedadlı gəncləri dəstəkləmək, onların potensialını üzə çıxarmaq və ölkəmizin mədəniyyətinə, elminə və incəsənətinə töhfə vermək olduğunu vurğuladı.

Vüsalə Qələndərli tədbirin adının təsadüfi seçilmədiyini bildirərək qeyd etdi ki, “Dostluq Körpüsü” həm gənclər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, həm də müxtəlif sahələrdə əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır. Tədbirdə şəhid ailələri, ziyalılar, sənətçilər, istedadlı uşaq və gənclər  iştirak edirdi. Vüsalə Qələndərli çıxışında şəhid ailələrinin cəmiyyətimiz üçün önəmini vurğulayaraq, onların övladlarının vətən uğrunda göstərdikləri qəhrəmanlığın heç zaman unudulmayacağını qeyd etdi.

Şəhid ailələrindən bir neçəsi tədbirdə söz alaraq öz duyğularını və minnətdarlıqlarını ifadə etdilər. Onlar belə tədbirlərin həm gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırmaqda, həm də şəhidlərimizin əziz xatirəsinin yaşadılmasında mühüm rol oynadığını bildirdilər. Daha sonra tədbirdə müxtəlif istedadlı gənclər öz bacarıqlarını nümayiş etdirdilər. Musiqiçilər, rəssamlar, şairlər və digər yaradıcı gənclər səhnəyə çıxaraq öz əsərlərini və performanslarını təqdim etdilər. Tədbirdə xüsusi ilə məktəblilərdən ibarət rəqs qrupunun hazırladığı milli rəqslər böyük maraqla qarşılandı.

Tədbirin sonunda Vüsalə Qələndərli bütün iştirakçılara təşəkkür edərək, belə görüşlərin gənclər arasında həmrəylik hissini artıracağını və yeni uğurlara yol açacağını bildirdi. Tədbirin sonunda şəhid ailələrinə və iştirakçılara  hədiyyələr və təşəkkürnamələr təqdim olundu. Tədbir birlik və həmrəylik ruhu ilə, xatirə şəkillərinin çəkilməsi və gənclər arasında dostluq söhbətləri ilə başa çatdı.

Seçilən
29
15
qht.az

9Mənbələr