Futbol üzrə Kot-d’İvuar yığmasının və İngiltərənin “Vest Hem” klubunun vingeri Maksvel Korne ilə “Sauthempton”dan ayrılıb.
Arena.az xəbər verir ki, “Sauthempton” Korneni bu mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.
Amma 28 yaşlı sağ vinger bu klubda da istədiyi qədər oyun şansı qazana bilmədiyi üçün, mövsümün sonunadək “Sauthempton”da qalmaq istəməyib. Belə ki, o, Premyer Liqa təmsilçisinin heyətində cari mövsümdə cəmi 4 oyun keçirib, fərqlənə bilməyib.
Korne “Sauthempton”dan ayrılsa da, müqavilə ilə məxsus olduğu “Vest Hem”ə qayıtmayıb. Belə ki, o, cari mövsümün qalan hissəsini İtaliyanın “Cenoa” klubunda davam etdirəcək. 28 futbolçunun 2025-ci ilin 30 iyununadək icarədə çıxış edəcəyi diqqətə çatdırılıb.
Maksvel Korne 2022-ci ilin avqustundan formasını geyindiyi “Vest Hem”də 37 oyuna 1 qol və 6 assistlə yadda qalıb. “Olimpik” (Lion), “Börnli”, “Mets” kimi klublarda da oynamış 27 yaşlı hücumçu, Fransanın aşağı yaş qruplarında çıxış edib. 2017-ci ildən Kot-d’İvuar yığmasında oynamağa qərar vermiş futbolçu, 31 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə verib.
Yeri gəlmişkən, “Sauthempton” Çili milli komandasının da üzvü olan hücumçusu Ben Brereton Diası “Şeffild Yunayted”ə icarəyə verib. İngiltərə klubu 25 yaşlı futbolçunun cari mövsümün sonunadək icarədə çıxış edəcəyini bəyan edib.
“Sauthempton” Brereton Diası cari mövsümün əvvəlində İspaniyanın “Vilyarreal” klubundan 8,3 milyon avro qarşılığında heyətinə qatmışdı. Amma hücumçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 oyunda heç nə ilə yadda qalmayıb. Bu üzdən də “Sauthempton” onu icarəyə verməli olub.
Ben Brereton Diasın əvvəlki karyerası məhz İngiltərə ilə bağlıdır. “Mançester Yunayted”in futbol akademiyasından çıxmış futbolçu bu ölkədə “Bləkbörn”dən başqa “Nottingem Forest”də, hətta “Şeffild Yunayted”də də oynayıb. O, Çili milli komandasının heyətində 35 oyuna çıxıb, 7 qola imza atıb, 3 məhsuldar verib.
Maksvel Korneni heyətinə qatmış “Cenoa”da da iki ayrılıq yaşanıb. İtaliya klubu nigeriyalı hücumçusu David Ankeyeni “Rapid”ə (Buxarest, Rumıniya), sol vingeri Federiko Akkorneronu isə “Trento”ya icarəyə verib. Hər iki futbolçu cari mövsümün sonunadək icarədə olacaq.