AZ

Fuad Muradov: Türkiyə xalqı öz gələcəyini Azərbaycanla sıx qarşılıqlı fəaliyyətdə görür

İqdır, 21 yanvar, AZƏRTAC

Qars və İqdır bölgələri Azərbaycanın diaspor fəaliyyəti üçün xüsusilə mühümdür. Biz bir daha şahidi olduq ki, Türkiyə xalqı Azərbaycanla əlaqələrin sarsılmaz olduğu qənaətindədir, öz gələcəyini ölkəmizlə sıx qarşılıqlı fəaliyyətdə görür. Qardaş ölkənin vətəndaşları daim Azərbaycana dəstək əzmini ifadə edirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyəyə işgüzar səfərinin yekunlarını şərh edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ifadə edib.

Dövlət Komitəsinin sədri bildirib ki, qardaş ölkəyə səfərin ilk dayanacağı İstanbul olub və burada Azərbaycan nümayəndə heyəti Türkiyə Azərbaycan Cəmiyyətləri Federasiyasının (TADEF) 7-ci Qurultayında iştirak edib.

Nümayəndə heyəti daha sonra Qarsa səfər edib, burada Qafqaz Universitetinin professor-müəllim heyəti və tələbələri, eləcə də yerli administrasiya və Azərbaycan icmasının nümayəndələri ilə görüşüb.

“Bizim Ermənistanla sərhəddə yerləşən “Akyaka” dəmir yolu vağzalına da baş çəkmək və yerli əhali ilə əlaqə saxlamaq imkanımız oldu”, - deyə F.Muradov bildirib.

Səfər İqdır şəhərində keçirilən görüşlərlə başa çatıb. Burada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş konfrans təşkil olunub, rəsmi şəxslər və Azərbaycan icmasının üzvləri ilə görüşlər keçirilib.

Nəhayət, nümayəndə heyəti Qarsı Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsinin tikinti sahələrindən birinə baş çəkib.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, Qars və İqdırda ünsiyyətdə olduğu həmvətənlərinin əksəriyyəti Qərbi Azərbaycandakı soyqırımından qaçaraq öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların nəslindən olduqlarını bildirib.

“Deportasiya və soyqırımı qurbanlarının övladları Qərbi Azərbaycana qayıtmağın vacibliyini açıq şəkildə bəyan edib, bu məsələnin gündəmdə qalmalı olduğunu vurğulayıb, tarixi ədalətin bərpası ilə bağlı Prezident İlham Əliyevin mövqeyini yüksək qiymətləndiriblər” – deyə F.Muradov vurğulayıb.

O qeyd edib ki, Qars və İqdır sakinləri Azərbaycan rəhbərinin Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi məsələsinə dair, o cümlədən iki qardaş ölkənin sərhədyanı rayonları arasında əməkdaşlığın gücləndirilməsi kontekstində səsləndirdiyi bəyanatları diqqətlə izləyir və alqışlayırlar.

F.Muradov müasir İqdırın rəmzlərindən birinə - Şərqi Anadolunun erməni quldur dəstələrinin qurbanları olmuş dinc sakinlərinin xatirəsinə ucaldılmış beş qılınc formasında abidəyə diqqət çəkib. “Azərbaycan memarlarından birinin ərsəyə gətirdiyi abidə nümayiş etdirir ki, insanlar bu torpaqlarda törədilmiş cinayətləri xatırlayır, eyni zamanda, sülhə hazırdırlar”, - deyə F.Muradov bildirib.

Dövlət Komitəsinin sədri Azərbaycan və Türkiyə diasporunun birgə addımlarından da danışıb.

O qeyd edib ki, 2018-ci ildən başlayaraq iki qardaş ölkənin diaspor strukturlarının fəaliyyəti ilə bağlı birgə planlar həyata keçirilib. “Artıq Almaniyada, ABŞ-da və dünyanın digər ölkələrində Azərbaycan və türk diasporunun çoxsaylı birgə tədbirləri keçirilib”, - deyən F.Muradov bütün türk dövlətlərinin diaspor strukturları arasında qarşılıqlı fəaliyyətin, o cümlədən diaspor təşkilatlarının gənclərin birləşdirilməsi istiqamətində addımlarının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Birincisi 2023-cü ildə Bakıda, növbəti il isə İstanbulda keçirilən Türk Diaspor Gəncləri Düşərgələri buna yaxşı nümunədir. Bu il də bu ideya həyata keçiriləcək”, - deyə F.Muradov qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

İqdır

Seçilən
19
50
azertag.az

10Mənbələr