AZ

Günün brifinqi: Trampın revanşı – Qlobal şou başladı...

Tramp dörd ildən sonra yenidən Ağ Evə dönməyi bacardı və bu, ağzı söz belə, tutmayan Baydenin hakimiyyət hərisliyi fonunda baş verdi. O, estafeti Harrisə ötürdüyü zaman isə artıq iş-işdən keçmişdi...

Müəllif: Azər Qaramanlı

Ancaq çoxlarını maraqlandıran bir məsələ var. Bayden ikinci dəfə namizədliyini irəli sürməsəydi və Trampın rəqibi ilk vaxtlardan dinamik bir gənc Demokrat olsaydı, Respublikaçılar qalib gələ bilərdimi? Mənə elə gəlir ki, gələrdi. Çünki Tramp siyasətçidən daha çox şoumendir və bu şoumen amerikalıların nə eşitmək istədiyini bilir. Günümüzüm ABŞ-ı isə Romanın “çörək və tamaşa” tələb edən xalqına daha çox bənzəməyə başlayıb. Yəni artıq amerikalılar üçün dünyanın harasında nə baş verdiyinin heç əhəmiyyəti yoxdur. Onlara görə qlobal dünya imperiyasına çevrilən ABŞ hər şeydən daha çox amerikalıların rifahına xidmət etməlidir və Tramp da amerikalılara məhz bunu vəd etdi...

Birinci dönəminə nisbətən Tramp indi daha güclü və qərarlı görnür və buna görə də Trampın ikinci prezidentliyi birincidən daha fərqli olacaq. Trampı artıq seçicinin nə düşünməsi maraqlandırmır, çünki bir daha seçkilərdə iştirak etməyəcək. Digər tərəfdən isə Birləşmiş Ştatların iş dünyası Trampın əmrinə müntəzirdir və bu iş adamlarının sərvəti on trilyonlarla ölçülür.

Qarşıdakı dörd il Trampın tarixə necə düşməsini də müəyyənləşdirəcək. Bu dörd ildə Tramp etdikləri ilə tarixə uğursuz avantürist və sarsaq biri kimi də düşə bilər. Amma Trampın yeni bir Amerika yaratmaq şansı da var və o, yəqin ki, bu şansı tam dəyərləndirə bilmək üçün ABŞ-nin bütün resurslarını səfərbər edəcək. Amma Trampın uğuru ona qarşı olan qlobal və regional güclərin davranışlarından və reaksiyasından da asılı olacaq. Dünyada yenidən formalaşma prosesinin getdiyini nəzərə alsaq, Trampın indiki vəziyyəti heç də qibtə ediləsi deyil.

Trampa qarşı duracaq güclərdən danışsaq, bunlar, hər şeydən əvvəl ABŞ-nin müttəfiqləri olacaq. Çünki Tramp özü ABŞ-ni müttəfiqlərinə qarşı qoyur və belə siyasət təbii olaraq mərkəzdənqaçma prosesini sürətləndirəcək.

Hazırda Tramp və Amerika xalqı bir dünya imperatorluğunun mövcudluq dəyərini ödəməkdən imtina edir və ən yaxın müttəfiqlərindən belə, tam asılılıq tələb edir. Bu isə ABŞ-nin əsl istismarçı simasını maskasız ortaya qoymaqla yanaşı, istismarçı qüvvəyə qarşı olan dostların və düşmənlərin birləşməsinə doğru apara bilər. Yəni “yeni Amerika” yaratmağa çalışan Tramp bu dünya imperiyasını təcrid halına da gətirib çıxara bilər...

Poliqon.info

Seçilən
5
50
poliqon.info

10Mənbələr