“Öz postunu tərk etməyə sayılı günlər qaldığı halda ABŞ dövlət katibi Entoni Blinken yeni prezident Tramp üçün problemlər miras qoymaqdadır”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili bildirib ki, ABŞ-la Ermənistan arasında saziş imzalanması Bayden administrasiyasının destruktiv, riyakar siyasətinin bariz göstəricisidir: “Əsində son 5 ildə reallaşan pozucu fəaliyyət Amerikanın dünyadakı imicini daha da zədələyib. Bayden administrasiyası dövründə xalqların milli kimliyinin silinməsi istiqamətində pozucu fəaliyyət, eyni zamanda üzdəniraq ideyaların təbliği pik həddə çatdı.
Blinken dağıdıcı ideyaların dəstəkçisi olan sorosçu şəbəkənin təmsilçilərindən biri idi. Bu səbəbdən Bayden Administrasiyasının mükafatlandırdığı şəxslər arasında Corc Soros da var idi. Bayden administrasiyası bütün regionlarda gərginliyin, qətliamların, ölkələrin parçalanıb dağılmasının, xalqların faciələr yaşamasının əsas səbəbkarıdır. Yaxın Şərqin, eləcə də Ukraynanın mənzərəsi göz önündədir. Bu qanlı-qadalı tablonun müəllifi Bayden Administrasiyası, ABŞ dövlət katibi Entoni Blinkendir. Bu dağıdıcı siyasətin nəticəsidir ki, bu gün ABŞ deyəndə yada idarəolunan xaos, böhran yada düşür. Cənubi Qafqaz regionu da son 5 ildə hədəfdə idi. Burada yeni münaqişə dalğası yaratmaq, sülh və təhlükəsizliyin formalaşmasına mane olmaq üçün müxtəlif ssenarilər hazırlandı. Müstəqil siyasət yeridən Azərbaycan üzərindən qurulan oyunlar baş tutmadığı təqdirdə Ermənistan və Gürcüstandan istifadəyə cəhd olundu. Gürcüstan da Azərbaycanın dəstəyi, eləcə də cəmiyyətin prinsipiallığı sayəsində bu iyrənc oyunlardan xilas ola bildi. Beləliklə, Blinkenin gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı fiaskoya uğradı. Lakin hər zaman boyunduruq altında olmağa adət etmiş Ermənistan bu oyunlarda alət kimi istifadə olundu”.
Millət vəkilinin sözlərinə görə, Qarabağ kartından istifadə edən Blinkeni nə Ermənistan, nə də erməni xalqı maraqlandırmırdı:
“O, Ermənistanı yeni müharibəyə cəsarətləndirməklə guya çoxillik münaqişəyə son qoyan siyasətçi kimi tarixə düşmək niyyəti güdürdü. Lakin Azərbaycanın öz məsələsini özü həll etməsi Blinkeni “oyundankənar vəziyyət”ə saldı. Postmünaqişə dövründə də onun riyakarlığı Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması və öz mövqelərini itirməsi ilə nəticələndi. Bu səbəbdən postunu təhvil verdiyi günə qədər iyrənc addımlarını davam etdirir”.
//Gülnarə Abasova, Editor.az