AZ

Helsinki məhkəməsi “Eagle S” tankerini həbs edib

Dəniz məhkəməsi kimi fəaliyyət göstərən Helsinki Rayon Məhkəməsi Baltik dənizinin dibində rabitə kabellərini zədələməkdə şübhəli bilinən “Eagle S” gəmisinin həbsinə qərar verib.

Herbiand.az xəbər verir ki, bu barədə bazar ertəsi, yanvarın 20-də Finlandiyanın “Yle” internet nəşri məlumat yayıb.

Məhkəmə qərarının qırılan kabellərə sahib olan şirkətlərin: Finlandiyanın “Fingrid” və “Elisa”, eləcə də Estoniyanın “Eling” şirkətlərinin tələbi ilə qəbul edildiyi bildirilir. “Fingrid” və “Elering” birlikdə “Estlink 2” elektrik kabelinə sahibdirlər. “Elisa” Finlandiyadan Estoniyaya uzanan iki telekommunikasiya kabelinin yeganə sahibidir.

Şirkətlər zərərə görə “Eagle S” tankerinin sahibi olan BƏƏ gəmiçilik şirkəti “Caravella”nı günahlandırırlar.

Kabelin zədələnməsi ilə bağlı araşdırmalar davam edir və dəymiş ziyanın ümumi məbləği hələlik müəyyən edilməyib.

“Yle” yazır ki, “Cinia” şirkəti də Eagle S tankerinin həbsi üçün ərizə verib. O, Baltik dənizinin dibi boyunca Almaniya və Finlandiyanı birləşdirən “C-Lion1” kabelinin sahibidir. Kabel 2024-cü il noyabrın ortalarında zədələnmişdi.

Finlandiya və Estoniya arasındakı “Estlink 2” elektrik kabeli və dörd telekommunikasiya kabeli 25 dekabr 2024-cü ildə Finlandiyanın xüsusi iqtisadi zonasında qırılıb.

Kuk adalarının bayrağını daşıyan Eagle S gəmisi dekabrın sonunda Finlandiya hakimiyyəti tərəfindən saxlanılaraq Porvoodakı Kilpilahti limanında lövbərə aparılıb. O, yanvarın əvvəlində həbs edilib. Gəmi sahibi olan şirkət bu tədbirin ləğvi üçün müraciət etsə də, nəticəsi olmayıb.

Finlandiya Mərkəzi Kriminal Polisi “Eagle S” tankerinin lövbəri ilə kabelləri zədələdiyindən şübhələnir. Beləliklə, müstəntiqlər Baltik dənizinin dibində çox kilometrlik lövbər izini aşkar ediblər. Helsinki istisna etmir ki, kabel qırılması Rusiya Federasiyasının maraqlarına uyğun təxribat nəticəsində baş verə bilər.

Seçilən
21
herbiand.az

1Mənbələr