Almaniya Xristian Demokrat Birliyinin (CDU) kansler namizədi Fridrix Merz tərəfdaşları NATO-nun müdafiə büdcəsinin artırılmasını müzakirə etməzdən əvvəl cari müdafiə xərcləri hədəflərinə diqqət yetirməyə çağırıb.
“İki sahil” xəbər verir ki, Fridrix Merz bu haqda DLF radiostansiyasına müsahibəsində deyib.
“Yaxın üç-dörd il ərzində biz diqqətimizi NATO-nun müdafiə xərclərini ən azı ÜDM-in 2%-lik hədəfinə çatmağa yönəltməliyik”- deyə, o, bildirib.
Müsahibə zamanı Fridrix Merz xatırladıb ki, NATO-nun hazırda ildə 30-40 milyard avro hərbi büdcə kəsiri var. Onun sözlərinə görə, alyans üzvləri məhz bunun üzərində çox çalışmalıdırlar.
Ötən ilin dekabrında "Financial Times" məlumatlı mənbələrə istinadla xəbər vermişdi ki, NATO-nun avropalı üzvləri alyansın müdafiə xərclərini ÜDM-in 2%-dən 3%-ə qədər artırmaq zərurətini müzakirə etməyə başlayıblar. Nəşrin məlumatına görə, 2025-ci ilin iyununda keçiriləcək sammitdə NATO üzvlərini bunu etməyə məcbur etmək imkanı müzakirə edilir.
ABŞ prezidenti Donald Tramp isə NATO ölkələrinin hərbi xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmaq zərurəti ilə bağlı fikirlərini bildirib.