Tramp Ukrayna məsələsi ilə bağlı bildirib ki, bu barədə Putinlə görüşündən sonra konkret nəsə deyə bilər...
Zeynal Əmrəliyev: “Ukrayna müharibəsinin qarşıdakı illərdə davam etməsi gözləntisi var, hətta bu gözlənti böyükdür”.
“Rusiya-Ukrayna müharibəsi barədə müəyyən qədər məlumatı olan şəxslər bilərlər ki, bu müharibəni sadəcə olaraq pafoslu bəyanatlarla dayandırmaq mümkün deyil”.
Bu sözləri politoloq Zeynal Əmrəliyev Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.
Dünən Donald Tramp and içərək vəzəifələrinin icrasına başladı. Tramp andiçmə mərasimindəki çıxışında daha əvvəl verdiyi bütün vədlərini xatırlatsa da, Ukraynanın adını çəkmədi, sadəcə münaqişəlri sülh yolu ilə həll edəcəyini bildirdi. Daha sonra Oval ofisdə jurnalistlərin sualını cavablandırarkən, bildirdi ki, bu barədə Putinlə görüşündən sonra konkret nəsə deyə bilər.
Daha əvvəl münaqişəni 24 saat ərzində həll edəcəyini deyən Trampın bu yanaşması fonunda 2025-ci ildə Ukrayna münaqişəsi ətrafında proseslərin istiqamətini necə pronoz etmək olar? Ukraynada müharibənin qarşıdan gələn illərdə davam etməsi ehtimalı varmı?
Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.
Zeynal Əmrəliyev: “Elə əvvəldən Trampın Ukrayna münaqişəsini tezliklə həll edəcəyi barəsindəki səsləndirdiyi fikirlər çox da ciddi şəkildə qəbul olunmurdu”.
Tramp komandasının Çinə qarşı mübarizədə Rusiyanı öz tərəfinə çəkmək istədiklərini vurğulayan politoloq Poliqon-a bildirib ki, bu məsələlərə görə, bu il Ukrayna müharibəsinin bitirmək hal-hazırda Tramp komandası üçün vacibdir:
“Əlbəttə, Ukrayna müharibəsinin qarşıdakı illərdə davam etməsi gözləntisi var, hətta bu gözlənti böyükdü. Ukrayna ətrafında gərginliyin daha da artacağı barədə proqnozlar səsləndirilir. Yəni bütün bunlar böyük gözləntilərdir. Elə əvvəldən Trampın Ukrayna münaqişəsini tezliklə həll edəcəyi barəsindəki səsləndirdiyi fikirlər çox da ciddi şəkildə qəbul olunmurdu. Ümumiyyətlə, beynəlxalq münasibətlərdən anlayışı olan və Rusiya-Ukrayna müharibəsi barədə müəyyən qədər məlumatı olan şəxslər bilərlər ki, bu müharibəni sadəcə olaraq pafoslu bəyanatlarla dayandırmaq mümkün deyil.
Bəli, Ukrayna münaqişəsi ABŞ və Rusiya arasında danışıqların bir nəticəsi olaraq öz həllini tapmalıdır. ABŞ-ın yeni administrasiyası, yəni Tramp komandası Ukrayna məsələsi üzərindən Rusiya ilə bazarlıq etmək istəyəcək və bunun üçün çalışacaqlar. Bunun üçün də, müxtəlif variantların işə salınması məsələsi var. Çinlə müzakirələr ətrafında ABŞ və Rusiya arasındakı danışıqlar əsas predmet təşkil edəcək. Çünki Tramp komandası çalışır ki, Çinə qarşı mübarizədə Rusiyanı öz tərəfinə çəksinlər, ən azından Rusiyanın neytrallığına nail olsunlar. Bu məsələlərə görə, bu il Ukrayna müharibəsinin bitirmək hal-hazırda Tramp komandası üçün vacibdir.
Zeynal Əmrəliyev: “Rusiya işğal etdiyi bir neçə şəhəri boşalda bilər, əvəzində də bir neçə bölgənin Rusiyanın əlində qalmasında Ukrayna razılıq verə bilər. Bu münaqişənin həll yolu ancaq qarşılıqlı güzəştlərlə mümkündür”.
Ancaq dediyim kimi Moskva və Vaşinqton arasında bu məsələ bazarlıq rolunu oynayacaq. Yəni uzun-uzadı bu danışıqların biz şahidi olacağıq. Əgər razılığa gəlməsələr münaqişə davam edə bilər. Amma bu iki tərəfə də sərf etmir. Çünki Çin getdikcə iqtisadi cəhətdən güclənir. Xüsusilə də, Çin Avropa bazarlarında güclənir. Bu da təbii ki, Rusiyanın və ABŞ-in ziyanınadır.
Məlumdur ki, Rusiyanın resurslarında ciddi şəkildə tükənmə var. Buna görə də, müharibəni davam etdirmək nə ABŞ, nə də Rusiya üçün xeyrli deyil. Müharibəni tez müddətdə bitirmək istəyəcəklər. Bu da qarşılıqlı güzəştlər mümkündür. Yəni Rusiya işğal etdiyi bir neçə şəhəri boşalda bilər, əvəzində də bir neçə bölgənin Rusiyanın əlində qalmasında Ukrayna razılıq verə bilər. Bu münaqişənin həll yolu ancaq qarşılıqlı güzəştlərlə mümkündür. Əks halda, münaqişə daha surətli şəkildə davam edəcək. Bu da ciddi şəkildə böhran d deməkdir”.
Nərminə UMUDLU
Poliqon.info