Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin arasında bu gün videokonfrans formatında aparılan danışıqlar ABŞ Prezidenti Donald Trampın bir gün əvvəl baş tutmuş andiçmə mərasimi ilə əlaqəli deyil.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, liderlər ənənəvi olaraq ilin əvvəlində ya telefon danışığı, ya da videobağlantı vasitəsilə fikir mübadiləsi aparırlar. Yanvarın 21-də danışıqların aparılması barədə razılıq dekabrda əldə olunmuşdu.
"Biz həmin vaxt bu tarixi Vaşinqtondakı andiçmə mərasimi ilə müqayisə etməyə belə çalışmamışdıq", - prezidentin köməkçisi əlavə edib.
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığının təşkili məsələsinə toxunan Uşakov deyib ki, Vaşinqton hələ bununla bağlı konkret təkliflərlə çıxış etməyib.