Donald Tramp ciddi səs üstünlüyü ilə Demokrat Partiyasının namizədi Kamala Harris üzərində qələbə qazandı və yenidən ABŞ prezidenti oldu. Bir eks prezidentin yenidən seçkilərə qatılması və qələbə qazanması ABŞ tarixində nadir hadisə sayılır, bununla belə, Donald Trampın qələbəsi proqnozlaşdırılan idi. Yenidən prezident olmaq istəyən, lakin səhhətinə görə yarışdan çəkilməyə məcbur olan qoca Bayden və onu seçki kampaniyasında əvəz edən Kamala Harris beynəlxalq siyasi müstəvidə olduğu kimi, amerikan seçiciləri arasında da ciddi nüfuz itirmişdilər.
Trampın dönüşündə iki əsas məqama xüsusi diqqət yetirmək gərək.
Birincisi, o, ilk prezidentliyi dövründə olduğu kimi, ABŞ siyasi sisteminə və elitasına yad bir fiqur deyil. Əgər əvvəlki qələbəsi və hakimiyyəti zamanı Donald sistem və elita tərəfindən dışlanırdısa, hazırda o məhz sistem və elitanın, həm də daxillərində texnokratiyanın nüfuzunu artırdırdığı bir istibleşmentin namizədidir.
İkincisi, Donald ABŞ cəmiyyətinin dib dalğalarını dəqiq qiymətləndirdi, xalqdan qopmuş və prioritetləri çeşidli sosial zümrələrin həyati ehtiyaclarına əsaslanmayan “Ağ ev” siyasətinin yenilənmə çağırışlarına qulaq verdi, beynəlxalq siyasətdə nüfuzunu itirmiş dünyanın ən qüdrətli dövlətini yenidən inşa etmək üçün hərəkətə keçdi.
Zənnimcə, gerçək Trampla Qərb mediasının yaratdığı “Tramp imici” arasında ciddi fərqlər var. Donald emosional, spontan, şəxsi eqosunu dövlət adamı kimliyinin üzərinə çıxarmış bir lider deyil. Tam əksinə, son dərəcə soyuqqanlı, məntiqli, tədbirli və hər addımını yüz ölçüb, bir biçən iradəli şəxsiyyətdir.
ABŞ-ın artıq fəaliyyətə başlamış 47-ci prezidentinin seçki kampaniyasını və andiçmə mərasimini diqqətlə izlədim. Prezident Tramp inaqurasiyada, əslində, çox ciddi mesajlar verdi.
Diqqətinizi öncə ona çəkim ki, Trampın çıxışı anti-qlobalist ruha malik idi. O, davamlı olaraq milli maraqları üstün tutacağını vurğulayırdı. Bu, əvvəlki administrasiyaların beynəlxalq münasibətlərdə tutduğu yanaşmadan kəskin fərqlənir. Bu yanaşma, həm daxildəki iqtisadi narazılıqları aradan qaldırmaq, həm də ABŞ-ın beynəlxalq aləmdə daha müstəqil siyasət yürütmək istəyinin göstəricisidir. Tramp Avropa ölkələrinin müftəxor bir şəkildə ABŞ-dan bəhrələnməsinə göz yummayacaq. Odur ki, tezliklə ABŞ-ın Avropa siyasətçiləri və xüsusən də qlobalist güc mərkəziləri ilə ziddiyyətlərinin kəskinləşəcəyini gözləmək doğru olar.