Natiq Cəfərli: “Partiyaların bələdiyyə seçkisində iştirakı bu sahəyə müəyyən yeniliklər gətirəcək”
Seçkilər hər bir dövlətin həyatında mühüm siyasi hadisə hesab olunur. Seçkilər həm də ölkənin demokratik inkişaf səviyyəsini nümayiş etdirir. Bu baxımdan qarşıdan gələn bələdiyyə seçkiləri Azərbaycanın siyasi həyatında növbəti mühüm hadisəyə çevrilməklə yanaşı, ölkəmizin demokratik yüksəlişinin təcəssümü olacaq.
Mərkəzi Seçki Komissiyasının 2024-cü ilin noyabrın 27-də keçirilmiş iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri komissiya üzvlərinin yekdil qərarı ilə 2025-ci il yanvarın 29-na təyin edilib. Qərarda seçkilərin 685 bələdiyyəyə keçiriləcəyi və 118 seçki dairəsini əhatə edəcəyi də öz əksini tapıb. Seçkilərin nəticəsi olaraq 8071 bələdiyyə üzvü seçiləcək. məlumat üçün bildirək ki, budəfəki bələdiyyə seçkilərində 16 min 124 namizəd mübarizə aparır. Onlar 23 siyasi partiyanın üzvüdür.
Qeyd etdiyimiz kimi, bələdiyyə seçkilərinə bu ilk ilk dəfə partiyalar da qatılıb və 1999- cu ildən sonra ilk dəfə partiyalar seçkidə iştirak edəcək.
Maraqlıdır, partiyalar niyə əvvəl bələdiyyə seçkisində iştirak etməyib və bu il niyə taktikanı dəyişdilər?
“Çalışmaq lazımdır ki, gələcəkdə bələdiyyə seçkilərinə maraq daha da artsın, bunun üçün bələdiyyələrin səlahiyyəti, məsuliyyəti artırılmalıdır”
REAL Partiyası sədri Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, partiyalar bir neçə dəfə bələdiyyə seçkilərində iştirak edib: “Bu il keçiriləcək bələdiyyə seçkilərində çoxlu sayda partiya iştirak edir. Partiyaların bələdiyyə seçkisində iştirakı bu sahəyə müəyyən yeniliklər gətirəcək. Məlumdur ki, bələdiyyələrin özlərinin funksiyalarında da müəyyən dəyişiklik olub. Bələdiyyələr birləşdirilərək azaldılıb. Bu səbəbdən də bələdiyyəyə maraq artıb və partiyalar bu prosesə qatılıb”.
Həmsöhbətimiz təəssüf hissilə onu da vurğuladı ki, hələ də bələdiyyə seçkisinə güclü maraq yoxdur. Bələdiyyə seçkisi insanlar tərəfindən müzakirə obyektinə çevrilməyib: “Çalışmaq lazımdır ki, gələcəkdə bələdiyyə seçkilərinə maraq daha da artsın. Bunun üçün bələdiyyələrin səlahiyyəti, məsuliyyəti artırılmalıdır. Bu baş verərsə, bələdiyyələrin büdcəsi artarsa, əhaliyə normal xidmət göstərmək üçün şərait yaradılarsa vətəndaşların bələdiyyə seçkisinə marağı daha da artacaq”.
Partiya sədrinin sözlərinə görə, seçkidə iştirak üçün 14 nəfərin namizədliyi təsdiqlənib, 5 nəfərə isə imtina verilib.
Günel CƏLİLOVA