AZ

Heç Qurban Qurbanov bu cür “yuxarı”dan getmir – ONUN DİQQƏTİNƏ!

Cavid Hüseynov Azərbaycan futbolunda istedadlı oyunçulardan biri olub.

Bir dönəm "Qəbələ"də formasının pikinə çatmışdı. Bölgə klubunda həmin dövr daş atsan əcnəbiyə dəyirdi.

Baş məşqçi Roman Qriqorçukun yerli oyunçulara qarşı münasibəti yaxşı deyildi.

Amma buna rəğmən Hüseynov komandanın liderinə çevrilə bilmişdi.

Hətta kapitan sarğısı da onun qolunda idi.

Avropaya gedib yaxşı legioner həyatı yaşayacağına böyük ümid bəsləyirdik.

Amma məlum hərəkəti karyerasının üzərindən xətt çəkdi.

Buna görə bir il iki ay həbsə düşən yarımmüdafiəçi qayıdandan sonra bir də əvvəlki formasını bərpa edə bilmədi.

Böyük futbolçu olmağının önünü xarakteri kəsdi.

Bu gün həmin Hüseynov məşqçilik həyatında ilk addımlarını atır.

Və etiraf edək pis siqnallar vermir. "Sumqayıt" üzərindəki sonuncu qələbədə də "Səbail"dəki müsbət məşqçi elementləri seçildi. Qış fasiləsində kollektivə öz tələblərini çatdıra bildiyi aydın göründü.

Yaxşı mütəxəssis ola bilər.

Əgər xarakteri imkan versə.

Ciddi uğuru olmayan veteran futbolçu bir müddət əvvəl mətbuata verdiyi gurultulu açıqlaması ilə gündəmə gəlmişdi:

"Mənim uğurlarımla hər biriniz tanışsınız".

Bu, arxı keçməmiş hop deməkdir. Görəsən bar verəndə baş harda olacaq?

Belə düşüncə ilə artırmaq, inkişaf etmək olmaz.

Ölkənin ən titullu baş məşqçisi Qurban Qurbanov belə bu hündürlükdən getmir.

Yaxşı olardı ki, gənc mütəxəssis də bu məqamı unutmasın. Yalnız o zaman potensialını aça, yaxşı baş məşqçi ola bilər.

XANOĞLAN İMANOV

Seçilən
46
50
sportinfo.az

10Mənbələr