AZ

Zarafata görə məktəblinin çənəsini sındıran yeniyetmə ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Sakit Məmmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 01 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində qeydə alınıb.


Belə ki, Sakit Məmmədov birlikdə oxuduğu Səbail rayonu 51 saylı tam orta məktəbdə zərərçəkmiş İlqar Əsədovda (şərti) məktəbdə digər şagirdlərin onunla zarafat etməsinə gülüb. Bu zaman zərərçəkmiş təqsirləndirilən şəxsə irad bildirib. Sonra Sakit onu cəzalandırmaq məqsədilə görüşə dəvət edib. Elektrik şitinin arxasında boş sahədə görüşən məktəblilər dava edib. Sakit xuliqanlıq niyyəti ilə qəsdən yumruğu ilə İlqarın sifət nahiyəsinə zərbə vurub. Nəticədə zərərçəkmişin alt çənəsi sınıb.


Hadisədən sonra Sakit Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Səbail Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi və qanuni nümayəndəsi apellyasiya şikayəti vermişdi.
 

Kamal Məmmədov 

Tarix: 22 Yanvar 2025, 09:37   
Seçilən
13
pravda.az

1Mənbələr