Nilsen: Donald Trampın andiçmə mərasimini 24,6 milyon adam televiziyadan izləyib...
Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimini 24,6 milyon televiziya tamaşaçısı izləyib.
Poliqon xəbər verir ki, bu barədə “Nielsen” analitik şirkəti məlumat yayıb.
Qeyd edilir ki, 2021-ci ilin yanvarında Trampın sələfi Co Baydenin inauqurasiya mərasimini daha çox insan izləyib. Şirkətin məlumatına görə Baydenin andiçmə mərasiminə 33,8 milyon insan baxıb.
Yanvarın 20-də Trampın andiçmə mərasimi zamanı ən çox izləyicinin televizora baxması saat 12:15-də (Bakı vaxtı ilə 21:15) qeydə alınıb. Yayımı 15 telekanal həyata keçirib.
2017-ci ilin yanvarında Trampın mərasimi 31 milyon televiziya izləyicisi toplayıb.
Qeyd edək ki, yanvarın 20-də 78 yaşlı respublikaçı Donald Tramp and içərək rəsmi olaraq ABŞ-ın 47-ci prezidenti olub. O, vəzifəyə başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan olunduğunu və qoşunların ora göndərildiyini elan edib. Yeni dövlət başçısı həmçinin Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması planlarını təsdiqləyib və ölkənin yalnız iki cinsi tanıyacağına əmin edib.
Poliqon.info