AZ

Ehtiyatlı olun- satışda "ömrü bitmiş" Rusiya qaz balonları var...

Image

Elxan Əliyev: “İstismar müddəti bitmiş qaz balonlarının satışı və istifadəsi təhlükəlidir”

Bəzi evlərdə və obyektlərin bir küncündə olan müddəti başa çatmış qaz balonları təhlükəli sayılır. İstifadəsi nə qədər təhlükəli olsa da, hələ də elan saytlarında bu balonların satışına rast gəlmək mümkündür. Xüsusən də köhnə balonların. 

Satışa çıxarılan balonlar əsasən istismar müddəti başa çatmış Rusiya istehsalı olan balonlardır. Ekspertlər isə istismar müddəti bitmiş qaz balonlarının təhlükəli olduğunu deyir.

“Həcmindən asılı olmayaraq, balonun içərisinə az da olsa maye qaz doldurulubsa, artıq o təhlükəli hesab edilir”

Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda istifadədə olan qaz balonlarının böyük hissəsi sovet dönəmindən qalıb. Onların da nəinki istismar müddəti başa çatıb, hətta istehsalı da illər əvvəl dayandırılıb: “Həcmindən asılı olmayaraq, balonun içərisinə az da olsa maye qaz doldurulubsa, artıq o təhlükəli hesab edilir. Bu səbəbdən də həmin balonlardan istifadə etmək düzgün deyil. Onu da deyim ki, qaz balonlarından uzun illərdir istifadə edilir. Əvvəllər bu balonların istifadəsinin yararlılığı ilə xüsusi idarə məşğul olurdu. Hazırda isə belə balonlar nəzarət edilmədən satılır. Nəzərə almaq lazımdır ki, zaman keçdikcə, metal öz keyfiyyətini itirir. Balonlar əsasən Rusiyadan Azərbaycana gətirilir. Ölkədə bu balonların satışı və istifadəsinə nəzarət olunmalıdır. İstismar müddəti bitmiş qaz balonlarının satışı və istifadəsi təhlükəlidir. İnsanlar onları heç bir müayinədən keçirmədən istismar edirlər. Lakin bu cür qaz balonlarının partlaması yüzminlərlə ton zərbə qüvvəsinə bərabərdir. Yəni dəhşətli fəsadlara səbəb ola bilir. Normalda qaz balonu olan otaqda havanın temperaturu 45 dərəcəni keçməli deyil.  Ancaq bu temperaturun 35 dərəcəni keçməməsi daha yaxşı olar. Onu da deyim ki, bəzi şəxslər hələ də rahatlıqla yanacaqdoldurma məntəqələrindən bu bolonları şəxsi maşınla gedib doldurur və daşıyır. Sonra isə həmin balonu ya evində, evinin həyətində, ya da obyektin çölündə saxlayır. Həmin balonun hansı ərazidə olmasından asılı olmayaraq təhlükə yenə də qalır”.

Günel CƏLİLOVA





Seçilən
14
baki-xeber.com

1Mənbələr