"Real Madrid"in və PSJ-nin sabiq qapıçısı Keylor Navasın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Argentinanın "Nyuells Old Boyz" klubu təcrübəli qapıçını transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin təfərrüatları açıqlanmır. Kosta-rikalı kluba azad agent kimi qoşulub.
38 yaşlı Keylor ötən yay PSJ-dən ayrıldıqdan sonra komandasız idi. Keylor 2023/24 mövsümündə parislilərin heyətində cəmi 6 oyun keçirib. O, PSJ-də ümumilikdə PSJ-də 115 matça çıxıb. Təcrübəli "çərçivə" qoruyucusu bu qarşılaşmaların 52-də qapısını toxunulmaz saxlayıb.
Navas karyerası ərzində “Nottingem Forest”, “Levante”, “Albasete” və “Saprissa”da da oynayıb. O, ən yaxşı dövrünü "Real Madrid"də keçirib. 2014-2019-cu illərdə "Kral klubu"nda oynayan qolkiper üç dəfə Çempionlar Liqasının qalibi olub.
O, Kosta-Rika millisində 114 oyun keçirib.
Qeyd edək ki, "Nyuells Old Boyz" Lionel Messinin doğma klubudur. O, 13 yaşında "Barselona"ya keçənə qədər "qırmızı-qaralar"ın akademiyasında 5 il keçirib.
Mirağa