"Azərbaycan universitetləri beynəlxalq elmi arenada öz yerini daha da möhkəmləndirir. Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən dərc edilən “Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi” siyahısında iki universitetimiz mühüm nailiyyət əldə edib. Bakı Dövlət Universiteti (BDU) “Mühəndislik” üzrə 1001-1250 aralığında, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) isə bu sahədə ilk dəfə siyahıya daxil olaraq 1251+ mövqeyində yer alıb. Fizika elmləri üzrə reytinqdə isə yalnız Bakı Dövlət Universiteti təmsil olunaraq 1001+ sırasında qərarlaşıb"Metbuat.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.Onun sözlərinə görə, bu nailiyyətlər həm ölkəmizin ali təhsil müəssisələrinin keyfiyyət göstəricilərini, həm də beynəlxalq reytinqlərdəki rəqabət gücünü təsdiqləyir:"“THE fənn reytinqi” metodologiyası çoxşaxəli qiymətləndirmə prinsipləri əsasında aparılır və tədris, tədqiqat mühiti, elmi nəticələrin keyfiyyəti, sənaye əlaqələri və beynəlmiləlləşmə kimi mühüm meyarlara əsaslanır. Azərbaycan universitetlərinin beynəlxalq elmi camiədə tanınması yalnız təhsilimizin inkişafı deyil, həm də ölkəmizin intellektual potensialının dünya səviyyəsində qəbul edilməsinin göstəricisidir. Bu uğurlar ali təhsil müəssisələrimizin beynəlxalq standartlara uyğunlaşma istiqamətində doğru yolda olduğunu bir daha sübut edir. BDU və ADNSU-nun bu reytinqdə təmsil olunması Azərbaycan təhsilinə olan etimadı artırır və gələcək uğurlar üçün mühüm stimul yaradır".Sevinc İbrahimzadə / Metbuat.az