AZ

Fransa məhkəməsi Bəşər Əsəd haqqında həbs qərarı çıxarıb

 

Fransa məhkəməsinin Suriyadakı BƏƏS rejiminin devrilmiş lideri Bəşər Əsədə qarşı həbs qərarı çıxardığı bildirilib. 

Fransanın Xarici işlər naziri Jan-Noel Barro “X” hesabından verdiyi açıqlamada "Fransa məhkəməsi Bəşər Əsədə qarşı həbs qərarı çıxardı. Sednaya həbsxanasında şahidi olduğum rejimin dəhşətli cinayətləri cəzasız qalmamalıdır. Fransa suriyalılar üçün ədalətin təmin olunması məqsədilə səfərbər olub və bu istiqamətdə fəaliyyətini davam etdirəcək" ifadələrini işlədib. 

Fransa Milli Terrorçuluqla Mübarizə Prokurorluğundan (PNAT) verilən məlumata görə, PNAT 2017-ci ildə orada həyatını itirən suriya əsilli fransız vətəndaşının ölümünə dair başladılan istintaq çərçivəsində 16 yanvar tarixində Əsədə qarşı həbs qərarı çıxarılmasını istəyib. Fransa məhkəmə mənbələrinin verdiyi açıqlamaya görə, bu istintaqla bağlı məsul hakimlər qətl və mülki şəxslərə qarşı qəsdən hücum ittihamları ilə hərbi cinayətlərdə iştirak etdiyi üçün 20 yanvar tarixində Əsədə həbs qərarı çıxarıb. 

Barro və Almaniyanın Xarici işlər naziri Annalena Baerbok Suriyada BƏƏS rejiminin devrilməsindən sonra 3 yanvar tarixində paytaxt Dəməşqdə yerləşən işgəncə mərkəzi Sednaya həbsxanasında araşdırmalar aparmışdı. Fransa məhkəməsi 15 noyabr 2023-cü il tarixində Əsədə qarşı insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə iştirak ittihamı ilə həbs qərarı çıxarıb. Məhkəmə Bəşər Əsədi 2013-cü ildə Suriyanın Şərqi Quta bölgəsində həyata keçirilən kimyəvi hücumlarla insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə iştirakda günahlandırıb.

 



Seçilən
12
50
trt.net.tr

10Mənbələr