Bakı, 22 yanvar, AZƏRTAC
Co Baydenin və onun uğursuz komandasının dönəmində təkcə ABŞ-Azərbaycan münasibətlərinə xələl gəlməyib, bütövlükdə Birləşmiş Ştatların xarici siyasətində böhran yaşanıb. Baydenin ABŞ-ın Prezidenti olduğu zaman kəsiyində Ağ Evin təhriki və iştirakı ilə alovlanan münaqişə və müharibələrə minimum 7 trilyon dollar vəsait xərclənib, lakin heç bir nəticə əldə olunmayıb. Vaşinqtonun bu müddət ərzində, hətta saxta da olsa “demokratiyanın müdafiəçisi” imici alt-üst olub. ABŞ tarixinin ən uğursuz Dövlət katibi Antoni Blinkenin “layihəsi” əsasında gerçəkləşən “Demokratiya sammiti”nin iflası, Birləşmiş Ştatların Əfqanıstandan, bu ölkədə sekulyar dövlətçiliyin tərəfdarı olan insanları güdaza verərək, rüsvayçı bir şəkildə çıxması, Vaşinqtonun ənənəvi tərəfdaşları ilə münasibətlərində yaşanan ziddiyyətlər, Yaxın Şərqdə, Şərqi Avropada və digər regionlarda mövcud olan böhranlı vəziyyətlərin daha da dərinləşməsi Co Baydenin vitse-prezidentliyi və prezidentliyi dönəmindən sələflərinə miras qalan acı nəticələridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, Milli Məclisin deputatı Elçin Mirzəbəyli səsləndirib.
Onun sözlərinə görə, Bayden administrasiyasının Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə münasibətdə yürütdüyü siyasət, Ağ Evin proksi dövlət və təşkilatları vasitəsilə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə maneə yaradılması istiqamətində atdığı addımlar, Ermənistandakı revanşçı meyllərin gücləndirilməsinə göstərilən cəhdlər, vaxtilə Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin həmmüəlliflərindən və müdafiəçilərindən olan sabiq ABŞ Prezidentinin ölkəmizə olan qərəzli münasibətinin göstəricisi kimi dəyərləndirilməlidir:
“Bu baxımdan, ABŞ-ın yeni prezidentini və onun komandasını, ilk növbədə, Co Baydenin uğursuz siyasətinin ağır mirasından xilas olmaq, Birləşmiş Ştatların ənənəvi tərəfdaşları ilə münasibətləri yenidən bərpa etmək, sabiq prezidentinin və ətrafının “xeyir-duası” ilə başladılan müharibələri dayandırmaq kimi çətin bir vəzifənin öhdəsindən gəlmək kimi gərgin diplomatik səylər gözləyir. Qənaətimə görə, Donald Trampın qarşılıqlı maraqlar üzərində qurulan yeni dünya düzəninə, liberal qloballaşmanın doğurduğu fəsadların aradan qaldırılmasına, ümumbəşəri dəyərlərə və klassik ailə modeli institutuna, milli suverenlik prinsiplərinə və müharibələrin, qarşıdurmaların dayandırılmasına olan baxış bucağı, onun prezidentliyi dönəmində ABŞ-Azərbaycan münasibətlərinin yenidən qarşılıqlı faydalı əməkdaşlıq zəminində inkişaf etdiriləcəyinə, enerji təhlükəsizliyi sahəsində Bakı-Vaşinqton münasibətlərinin daha da dərinləşəcəyini söyləməyə əsas verir”, - deyə deputat vurğulayıb.
O qeyd edib ki, dünya müharibələrdən, münaqişələrdən və böhranlardan yorulub və bəşəriyyətin sözün əsl mənasında, “dərindən nəfəs almasına”, dialoq formatına qayıtmasına, sivilizasiyalararası qarşıdurma layihələrindən imtina edərək, mədəniyyətlərarası dialoq platformasına qayıtmasına, süni, çoxluğun iradəsinin qondarma azlıqlara tabe etdirilməsi kimi xalqları, dövlətləri uçuruma sürükləyən rüsvayçı geosiyasi layihələrin dayandırılmasına böyük ehtiyacı var.
“Bu xüsusda, Birləşmiş Ştatların yeni prezidentinin baxış bucağı ilə Azərbaycanın uzun illərdən bəri təbliğ və təşviq etdiyi dəyərlər arasında paralellərin çox olduğunu söyləyə bilərik. Məhz bu amillər, həmçinin beynəlxalq münasibətlər sistemində tarixin bütün dövrlərində önəmli yer tutan şəxsiyyət faktoru yaxın zaman kəsiyində ABŞ-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynaya bilər”, - deyə o əlavə edib.