AZ

“Atletiko” yenidən zirvəni ələ keçirdi - ŞƏRH

“Real” ilə “Barselona” turun oyunlarını vaxtından əvvəl keçirdiyinə, üstəlik bazar günü Superkubokun finalında qarşılaşdığına görə La Liqada 19-cu tur bir qədər kölgədə qaldı.

Onu da xatırladaq ki, yanvarın 3-də 12-ci turdan təxirə salınan oyunda “Valensiya”nı məğlub edən “Real” turnir cədvəlində liderliyi ələ keçirmişdi. “Hindular” həmşəhərlilərini zirvədən saldı. Simeonenin komandası evsə “Osasuna”nı məğlub etməklə 1-ci dövrəni turnir cədvəlinin zirvəsində bitirdi. Ancaq qələbənin “Atletiko”ya asan başa gəldiyini demək olmaz.

Madridlilər hər hissənin əvvəlini fəal keçirdilər və bunun da məntiqi nəticəsi kimi qollar vurdular. Sadəcə, Qrizmannın 7-ci dəqiqədə vurduğu qolu hakim saymadı, çünki fransalı hücumçu topa dirsəyi ilə toxunmuşdu. Alvaresin də ilk yarıda hesabı açmaq üçün gözəl imkanları var idi, ancaq topa yaxşı zərbə vurmadı. Hər halda, 24 yaşlı argentinalı adını tabloya yazdırdı. 55-ci dəqiqədə künc zərbəsi zamanı Qrizmann topu uzaq dirək önündə dayanan Lanqleyə ötürdü, onun saxladığı topu Alvares boş qapıya göndərdi. Hesabı açan “Atletiko” topu rəqibə verdi. 2-ci hissənin ortalarında “Osasuna” qol vəziyyəti yaratsa da, Raul Qarsiya yaxın “9-luğ”a “düşə” bilmədi.

Pamplonalılar təzyiqi artırsalar da, heç nəyə nail ola bilmədilər. Uzatma dəqiqələrində “Atletiko” fərqi artırmağa yaxın oldu. Amma 1 qol da Simeonenin komandasına qələbə üçün kifayət etdi. “Real”ı arxada qoyan “hindular” “Barsa”dan artıq 6 xal irəlidədi. Simeone və komandası çempionluq uğrunda mübarizə aparmağa hazırdı. Qələbəsiz oyunlar seriyasını 7-yə çatdıran “Osasuna” isə “avrokubok zonası”ndan bir qədər də uzaqlaşdı.

Elə səfərdə aşkar autsayder “Valyadolid”ə uduzan “Betis” də aşağı yuvarlanmaqdadı. Əvəzində “Jirona” səfərdə “Alaves”i məğlub etməklə “avrokubok zonası”na bir qədər yaxınlaşdı. “Rayo Valyekano” “Selta”nı, “Xetafe” “Las Palmas”ı məğlub etdi. “Espanyol” – “Leqanes”, “Sevilya” – “Valensiya” oyunları heç-heçə bitdi. Turun dünən axşam keçirilən son oyununda “Real Sosyedad” “Vilyarreal”dan üstün oldu.

19-cu tur
Atletiko – Osasuna 1:0
Alvares, 55. (64801)
Atletiko: Oblak, Qalan, Lanqle, Le Norman, Molina, Qallaher (Lino, 46), Barrios, De Paul, Simeone (M.Lyorente, 74), Qrizmann, Alvares (Korrea, 78).
Rayo Valyekano – Selta 2:1
Embarba, 5. De Frutos, 63 – İqlesias, 26. (12955)
Alaves – Jirona 0:1
Solis, 90+1. (16454)
Valyadolid – Betis 1:0
Peres, 58. (21911)
Espanyol – Leqanes 1:1
Kabrera, 2 – Sisse, 14. (26606)
Sevilya – Valensiya 1:1
Pedrosa, 90+3 – Rioxa, 61. (34297)
Las Palmas – Xetafe 1:2
Yanuzay, 89 – Koba, 71. Mayoral, 86. (23698)
Real Sosyedad – Vilyarreal 1:0
Kubo, 51. (20855)

Bu turun “Atletik” – “Real” (2:1), “Malyorka” – “Barselona” (1:5) oyunları dekabrın 3-4-də keçirilib.

1. Atletiko 19 13 5 1 34-12 44
2. Real 19 13 4 2 43-19 43
3. Barselona 19 12 2 5 51-22 38
4. Atletik 19 10 6 3 29-17 36
5. Vilyarreal 19 8 6 5 34-31 30
6. Malyorka 19 9 3 7 19-21 30
7. Real Sosyedad 19 8 4 7 17-13 28
8. Jirona 19 8 4 7 27-25 28
9. Rayo Valyekano 19 6 7 6 22-22 25
10. Betis 19 6 7 6 23-28 25
11. Osasuna 19 6 7 6 23-28 25
12. Selta 19 7 3 9 28-30 24
13. Sevilya 19 6 5 8 21-28 23
14. Las Palmas 19 6 4 9 24-29 22
15. Xetafe 19 4 7 8 13-16 19
16. Leqanes 19 4 7 8 18-29 19
17. Alaves 19 4 5 10 21-31 17
18. Espanyol 19 4 4 11 17-31 16
19. Valyadolid 19 4 3 12 13-37 15
20. Valensiya 19 2 7 10 18-29 13

Bombardirlər: Levandovski (Barselona) – 16, Rafinya (Barselona) - 11, Budimir (Osasuna), Mbappe (Real) – 10.

Turun rəqəmi
14 – “Atletiko” ardıcıl qələbə sayında yeni rekord müəyyənləşdirdi. Simeonenin komandası bütün turnirlər çərçivəsində ardıcıl 14-cü qələbəsini qazandı. “Hindular” bu müddətdə İspaniya çempionatında 8 qələbə qazanıb, ölkə kuboku ilə Çempionlar Liqasının hər birində də 3 qələbəyə sevinib. “Atletiko”nun 13 oyunluq əvvəlki seriyası 2012-ci ilin avqustundan oktyabrına qədər davam etmişdi. Həmin vaxt da komandanın “sükanı arxasında” argentinalı Simeone dayanmışdı.

Turun ulduzu
Lamin Yamal (Barselona) – dubl edən Rafinyanı yox, ispaniyalını seçməyimizin əsası var. Məhz Yamalın qazandığı penaltini Rafinya reallaşdırdı, braziliyalının vurduğu 2-ci qolun da ötürməsini verdi. Bundan başqa, Lamin qolla nəticələnən daha iki hücumun təşkilatçısı oldu. Onu da unutmayaq ki, “Barsa” Yamalın əsas heyətdə yer aldığı çempionat oyunlarında daim qalib gəlir.

Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqisi:
“İndi bütün fikrim “Elçe” ilə oyundadı (ölkə kubokunun 1/8 final oyununu nəzərdə tutur – red.). Bəli, futbolçularım son iki ayda böyük iş görüb. Yalnız start heyətində olanlar yox, sonradan meydana çıxanlar da komandaya fayda verir. İşə düzgün münasibəti görürəm, futbolçular prosesdən ləzzət alır”.
Seçilən
26
football-plus.az

1Mənbələr